Hazırkı, zavoddaxili G80 koduna malik olan BMW M3 sedanı 2020-ci ildə debüt edib və tədricən həyat dövrünün sonuna yaxınlaşır. Odur ki, bəziləri formal olaraq vida versiyaları hesab edilməsə də, müxtəlif xüsusi versiyaların buraxılması vaxtı gəlib çatıb. Məsələn, Şimali Amerika bazarı üçün M3 CS Handschalter (sonuncu alman dilindən "əllə ötürmə" kimi tərcümə olunur) sedanı hazırlanıb. Amerikalı həvəskarlar tərəfindən çox sevilən mexaniki ötürmələr qutusu yeni versiyanın ən başlıca cəhətidir. Bununla belə, mexaniki ötürmə qutusu güc aqreqatının hasilatında əhəmiyyətli kompromissləri tələb edib.

Standart BMW M3 CS modeli səkkiz pilləli avtomatik transmissya, tam ötürmə sistemi və gücü artırılmış 3,0-litrlik altısilindrli biturbomühərrik (550 at qüvvəsi, 650 Nm) ilə təchiz olunur. M3 CS Handschalter xüsusi buraxılışının güc aqreqatı əsasən standart idman sedanından götürülüb: 480 at qüvvəsi və 550 Nm, altı pilləli mexaniki transmissya və arxa ötürmə. Aydındır ki, burada əsas məhdudlaşdırıcı tam ötürmə sisteminə uyğun gəlməyən və özünün texniki məhdudiyyətlərinə görə mühərrikin hasilatını artırmağa imkan verməyən ZF S6-53 mexaniki ötürmələr qutusudur.

Lakin Handschalter versiyası standart M3 CS modelində olan bütün digər komponentləri saxlayıb. Dam, kapot, yan güzgülərin gövdələri, hava girişləri, spoyler, diffuzor və splitter, ön oturacaqların çərçivələri və mərkəzi tunelin örtüyü karbonplastikdən hazırlanıb. Karbon-keramika əyləcləri əlavə ödənişlə əlçatandırlar. Nəticədə, CS Handschalter bütün cari nəsil M3 modelləri arasında ən yüngülüdür: onun çəkisi 1670 kiloqram təşkil edir - yəni, Handschalter baza sedanından 35 kiloqram yüngüldür. 0-dan 60 mil/saata (97 km/saat) sürətlənmə 4,1 saniyə çəkir, maksimal sürət isə, 290 km/saata çatır.

Bundan əlavə, BMW M3 CS Handschalter idman sedanının ən sürücüyönümlü versiyalarından birinə çevrilə bilər. Buna nail olmaq üçün xüsusi versiya yenidən tənzimlənmiş asqı və sükan idarəetməsi təchiz edilib, amortizatorlar və yaylar isə, birbaşa ekstremal BMW M4 CSL kupesindən götürülüb. Mühərrik, standart hasilatına baxmayaraq, qaz pedalına daha çevik reakisya verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İstehsalçı BMW M3 CS Handschalter xüsusi versiyasının məhdud tirajla buraxılacağını bildirsə də, onun istehsal həcmini açıqlamayıb. İstehsala bu ilin iyul ayında başlanmalıdır, lakin amerikalılar və kanadalılar artıq əvvəlcədən sifarişləri yerləşdirə bilərlər. ABŞ-da M3 CS Handschalter versiyasının qiyməti 107.000 dollardan (çatdırılma daxil deyil) başlayır. Müqayisə üçün, baza BMW M3 sedanın qiyməti 79.300 dollardan başlayır, tam ötürmə və “robot” ilə təchiz edilmiş M3 CS üçün isə, ən azı 118.700 dollar tələb olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.