Qudvud Sürət Festivalında təkcə “mülki” BMW M3 Touring universalı deyil, həm də MotoGP çempionatının təhlükəsizlik avtomobili də debüt edib. Təhlükəsizlik avtomobili xüsusi livreyaya və əlavə işıqlandırma qurğularına, habelə M Performance aksesuarlarına malikdir.
Maraqlıdır ki, bu,BMW M3 Touring modelinin yarış komandaları ilə birlikdə ABŞ-a gələn yeganə M3 universalı olacaqdır. MotoGP çempionatının yerli mərhələsi 2023-cü ildə Ostindəki (Texas ştatı) avtodromda keçiriləcəkdir. BMW şirkəti M3 universalını ABŞ bazarında satmağı planlaşdırmır.
BMW şirkəti yeni modellərini tez-tez təhlükəsizlik avtomobilləri kimi istifadə edir: müxtəlif illərdə M2 CS Racing, M5 CS, M6 Gran Coupe, M4 və hətta 1-Series M Coupe təhlükəsizlik avtomobili livreyasını “geyiniblər”.
İndi isə, MotoGP çempionatında təhlükəsizlik avtomobili rolunu M Performance kataloqundan bir sıra aksesuarlar almış M3 Touring universalı olacaqdır. Bunlara karbon lifindən hazırlanmış splitter, ön bamperin hər iki tərəfindəki kanardlar, mərkəzdə yerləşən dörd çıxış borusu olan fərqli buraxılış sistemi və diffuzor daxildir.
Rəsmi şəkillərdə “bərkgedən” universalın salonu göstərilməyib, lakin avtomobil üçün dördnöqtəli təhlükəsizlik kəmərləri olan Recaro yarış oturacaqları bəyan edilib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.