BMW mətbuat xidmətinin 4 Series kupesi barədə dərc etdiyi mətbuat açıqlamasının mürəkkəbi qurumamış, bu ailənin flaqmanı olacaq "bərkgedən" M4 kupesinin casus şəkli peyda olub. Bimmer Post saytı tərəfindən yayınlamış şəkildə avtomobilin ön hissəsi təsvir edilibdir.
Çox güman ki, bu şəkil M bölməsinin meydançalarının birində çəkilib. Dərc edilmiş şəkildə də göründüyü kimi, M4 modelinin nəhəng "burunu" bir qədər başqa tərtibata malikdir. Adi kupedən fərqli olaraq, M4 modelinin radiator barmaqlığı üfüqi zolaqlarla təchiz olunmuş və haşiyədən məhrum edilmişdir. Bununla yanaşı, "bərkgedən" kupenin ön bamperi də başqa dizayna malikdir - bamperin yan tərəflərindəki əyləc mexanizmlərinin soyudulmasına xidmət edən şaquli kəsikləri olan havalandırma dəliklərini görmək olar.
Sayılanlara əlavə olaraq, M4 modelinin kapotundakı alın şüşəsinin alt hissəsinə qədər uzanan iki çıxınıtı da diqqəti çəkir. Bimmer Post nümayəndələri avtomobili parlaq rənglərə "boyayaraq" onun xarakterik cizgilərini önə çıxarmaq istəyiblər. Nəticədə sağ "böyrəyin" yuxarı hissəsindəki M4 emblemi üzə çıxıb.
BMW şirkəti M3 sedanının və M4 kupesinin təqdimatının sentyabr ayında keçirəcəyini bəyan edib. Dinamik duet 510 at qüvvəli mühərrik, arxa və tam ötürmə, mexaniki və avtomatik transmissiyalar ilə təklif ediləcəkdir.