BMW M5 sedanı alman markasının modelləri arasında xüsusi yer tutur. “Bərkgedən” sedan öz xarakteristikalarına, dinamikasına və dəbdəbəsinə görə bir çox superkarlara meydan oxumağa qadirdir. Bu il bu möhtəşəm sedan özünün 35 illik yubileyini qeyd edir və BMW şirkəti bu əlamətdar hadisəni qeyd etmək üçün M5 modelinin Edition 35 Jahre adlı “yubiley” versiyasını hazırlayıb.
BMW M5 Edition 35 Jahre modeli M5 Competition sedanının bazasında inşa edilibdir. “Yubiley” seriyasından olan sedanlar kuzovun qara tutqun Frozen Dark Grey II rəngi, Graphite Grey rəngli 20-dyümlük Y-şəkilli milləri olan M təkər diskləri və qara rəngli əyləc supportları ilə seçiləcəkdirlər. “Yubiley” sedanlarının salon tərtibatında açıq-qəhvəyi rəngli tikişləri olan qara Merino dərisindən və qızılı rəngli karbondan hazırlanmış dekor elementlərindən istifadə edilir.
Avtomobilin 350 nüsxədə buraxılacaq “yubiley” seriyasından olduğunu xatırlatmaq üçün kandar lövhələrinə lazerlə “M5 Edition 35 Jahre” sözləri həkk olunub. Bundan başqa, stəkanaltıların qapağına modelin seriyadakı sıra nömrəsini göstərən “M5 Edition 35 Jahre 1/350” sözləri də həkk edilir.
BMW M5 Edition 35 Jahre modeli 625 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 TwinTurbo mühərriki və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Tamçəkişli sedan 100 km/saat həddinə 3,3, 200 km/saat həddinə isə 10,8 saniyəyə sürətlənir. Qeyd etmək gərəkdir ki, Executive və M Driver’s Package dəstləri M5 Edition 35 Jahre modelinin standart təchizatına daxil edilib. Sonuncu dəst eksteryerin qara rəngli tərtibat elementlərinin mövcudluğundan və maksimal sürət həddinin 305 km/saata qədər çəkildiyindən xəbər verir.