BMW şirkəti müvəqqəti olaraq 5-Series modelinin idman modifikasiyası olan M550i modelinin istehsalını dayandırıb. Bu qərar zərərli tullantıların səviyyəsinin və yanacaq sərfiyyatının ölçülməsi prosedurlarında edilən dəyişikliklər ilə əlaqədardır. Elə bu səbəbdən də, alman istehsalçısı M3 sedanının istehsalını vaxtından əvvəl dayandırmağa qərar verib.
Prosedurların dəyişilməsinin əsas səbəbi isə WLTP (Worldwide harmonized Light vehicles Test Procedure - minik avtomobillərinin ümumdünya harmonizasiya edilmiş sınaq metodikası) dövrünün tətbiqidir.
Sınaqlar zamanı M550i modelinin 4,4-litrlik biturbo V8 mühərrikinin WLTP-nin sərt tələblərinə cavab vermədiyi və 1 iyun 2018-ci ilə kimi mühərrikin Otto sərt hissəciklər filtri ilə təchiz edilməli olduğu aşkarlanıb. Lakin, alman istehsalçısının bu müddət ərzində məsələni həll etməsi mümkün olmadığı üçün M550i modelinin istehsalını müvəqqəti dayandırmaq qərarı qəbul edilib. Çətinlik ondadır ki, filtrin quraşdırılması üçün mühərrikin tərtibatına və asma avadanlığın yerləşməsinə yenidən baxmaq gərəkdir, çünki mühərrik bölümündə filtr üçün yer yoxdur.
WLTP mərhələsi, şəhər hissəsi sınaqlarının 1970-ci ildə təsdiq edildiyi köhnəlmiş NEDC (New European Driving Cycle) metodikasını əvəz edəcəkdir.
Sınaqlar zamanı avtomobil 18,35 km/saat ortalama sürətlə 4 kilometr getməli və yerindən 50 km/saat həddinə sürətlənməni 26 saniyəyə yerinə yetirməli idi. Həmçinin şəhər kənarında 120 km/saat sürəti ilə hərəkət imitasiya edilirdi. Bunun üçün avtomobil yürüş barabanlarında 1220 saniyə sınaqdan keçirilirdi.
WLTP isə müasir tələbləri hesaba alaraq daha aqressiv olacaqdır: məsafə artacaq, sürətlənmələrin sayı iki dəfə artırılacaq və dayanma vaxtları azaldılacaqdır. 2018-ci ilin sentyabrdan başlayaraq bütün avtomobillər yeni metodika ilə sertifikatlaşdırılacaqdırlar. Yeni sistemə tam keçid 2019-cu ildə başa çatacaqdır.
İlk dəfə NEDC metodikasından başqa yolla yanacaq sərfiyyatını ölçən PSA Peugeot Citroen qrupu olub. Qrup öz avtomobillərinin real sərfiyyatını açıqlayıb. Ölçmələr xüsusi mərhələlər ilə deyil, portativ cihazların köməyi ilə aparılıb. Bunun üçün avtomobillər 25 kilomter şəhərdə, 39 kilometr torpaq yollarda və 31 kilometr şossedə hərəkət ediblər. Sonradan bütün marşrut üzrə orta göstərici hesablanıb.