“Bərkgedən” BMW M7 sedanının peyda olacağı barədə şayiələr keçən əsrin 90-cı illərindən dolaşmaqdadır, lakin alman istehsalçısı bu günə qədər belə sedanın buraxılmasına cəsarət edə bilməyib. Bu günə qədər bayraqdar sedanın modifikasiya çeşidində ən güclü versiya 610 at qüvvəli V12 mühərriki ilə təchiz edilmiş M760Li modifikasiyası olub. Bu günlərdə M7 modelinin buraxılacağı barədə şayiələr yenidən peyda olub. Britaniyanın “Autocar” nəşri BMW M bölməsinin planlarında “bərkgedən” sedanın buraxılması barədə müddəanın olduğunu iddia edir.
Məlum olduğu kimi, alman istehsalçısı artıq V12 mühərrikindən imtina edib, odur ki, M7 sedanının texniki hissəni konsept statusunda nümayiş etdirilmiş XM krossoveri ilə bölüşəcəyi ehtimal olunur. Krossoverin təchiz edildiyi M Hybrid güc qurğusu barədə məlumat az olsa da, onun əsas göstəriciləri açıqlanıb: elektrik mühərriki iklə tandemdə çalışan V8 benzin turbomühərriki 750 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edəcəkdir. Belə göstəricilərə M7 sedanı da malik olacaqdır. Bununla belə, “bərkgedən” flaqman sedanının debütünü 2023-cü ildən öncə gözləmək lazım deyil.
Yeni nəsil BMW 7 Series sedanının bu ilin aprelində debüt edəcəyi artıq məlumdur. İlkin olaraq, bayraqdar sedanın modifikasiya çeşidində ən güclü versiya BMW i7 M60 elektrik sedanı olacaqdır. İkimühərrikli elektrik güc qurğusunun ümumi hasilatı 540 at qüvvəsi təşkil edəcəkdir. 10 saniyə ərzində qurğunun gücünü 619 at qüvvəsinə qədər artırmaq mümkün olacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.