BMW markasının 7 Series flaqmanının yeni nəsli debüt etdikdən sonra, nümayənədlik sedanının dizaynı ətrafında cərəyan edən mübahisələr bitmək bilmir. Bir çoxları yeni dizayn üslubunun Bavariya markasının bayraqdarına heç də uyğun gəlmədiyini düşünür. Belə şəxslərin arasında vaxtı ilə alman markasının avtomobillərinin dizaynı üzərində çalışmış şəxs də var.
BMW modelləri ilə yanaşı Ferrari F430, Maserati MC12, eləcə də 12C-dən 720S-ə qədər bütün müasir McLaren superkarlarInın yaradılmasında da iştirak etmiş Bavariya brendinin keçmiş dizayneri Frenk Stefenson yeni BMW 7 Series və i7 modellərinin dizaynı haqqında öz fikirləri ilə bölüşüb.
Qeyd etmək gərəkdir ki, o həmçinin Mini Cooper, Fiat 500 və BMW X5 kimi modellərin yaradılanmasında da iştirak edib. Dizaynerin ümumiyyətlə yeni nəsil BMW 7 Series sedanından razı qalmasına baxmayaraq, onun fikrincə dəyişdirilməli olan bir neçə həllə diqqət yetirib.
Stefensonun fikrincə, ilk mübahisəli həll yolu BMW i7 elektrik flaqmanının ikimərtəbəli ön işıq texnikasıdır. Dizayner hesab edir ki, iki “mərtəbəni” birləşdirərək, gündüz hərəkət işıqlarını (GHİ) əsas bloka daxil etmək gərəkdir.
Bundan əlavə, dizayner GHİ-nın yuxarı kənarının yerləşdiyi qovşağı tənqid edib - onun fikrincə, qanadın, bamperin və şüşənin vahid yaxınlaşma nöqtəsinin olmaması səbəbindən ön tərəf səliqəsiz görünür.
Eyni zamanda, dizayner hər iki modelin nəhəng “burun dəliklərinə” toxunmadan ötüşə bilməyib. Stefenson kiçik ölçülü radiator barmağlığının estetik cəhətdən daha yaxşı görünəcəyini və modellərə daha idmansayağı görünüş verəcəyini vurğulayıb.
Arxa tərəfə gəlincə, dizayner nömrə nişanı meydançasını baqaj qapağında yerləşdirməyi təklif edib, çünki hazırkı versiyada bu element bamperin tərtibatındakı üfüqi xətti “sındırır”.
Üstünlüklərə gəlincə isə, mütəxəssis avtomobillərin yan tərəflərindən moldinqlərin yığışdırılmasını alqışlayıb. Bundan əlavə, Stefenson avtomobilin interyerindən də razı qalıb. Onun fikrincə, yeganə istisna, multimedia sisteminin noutbuk ekranına oxşayan displeyidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.