Bu il 50 illik yubileyini qeyd edən BMW M bölməsi alman markasının tarixindəki ilk M3 Touring universalını rəsmi olaraq təqdim edib. Alman brendinin idman xəttində “bərkgedən” universallar olub, lakin onlar 5-Series universalının əsasında yaradılıblar. E34 və E61 nəsillərindən olan “bərkgedən” universallar müvafiq olaraq, 1990-cı və 2000-ci illərdə istehsal ediliblər.
İndi isə, M bölməsi alman markasının müştərilərinin təkidi ilə yaradılmış BMW M3 Touring modelini təqdim edib. Təqdim edilməmişdən öncə, “bərkgedən” universal Nürburqrinqin “Şimal ilgəyinin” rekordunu da qeydə almağa imkan tapıb.
BMW M3 Touring modelinin dizaynı, form-faktoru nəzərə almaqla, M3 sedanından götürülüb - dam, şüşələr və arxa hissəsinin dizaynı cari 3 Series Touring modelini təkrarlayır. Dam və reylinqlər standart olaraq parlaq qara rəngə boyanır.
Buraxılış sisteminin iki cütlənmiş çıxış borusu olan inkişaf etdirilmiş diffuzor da universalın standart təchizatına daxildir. Opsiyalar siyahısına karbon lifi ilə gücləndirilmiş plastikdən hazırlanmış elementrləri olan M Carbon paketi əlavə edilib. Təkər diskləri - öndə 19, arxada isə, 20 düymlükdürlər.
M3 Touring modeli Competition versiyasındakı M3 sedanı kimi, 510 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən sıralı 3,0-litrlik altısilindrli turbomühərrik ilə təchiz edilib. Güc aqreqatı Drivelogic funksiyası olan səkkiz pilləli M Steptronic transmissiyası və arxa oxda aktiv M diferensialı olan M xDrive tam ötürmə sistemi ilə birlikdə çalışır.
Tam ötürmə üçün üç tənizmləmə variantında seçim təklif olunur: baza tam ötürməsi, arxa ötürməyə üstünlüyün verildiyi 4WD Sport rejimi və DSC sistemi söndürülən zaman əlçatan olan arxa ötürmə. Bundan başqa, trəşkş-kontrolu söndürən M Dynamic Mode drift rejimi də nəzərdə tutulub.
M3 universalı M4 kupesi və M3 sedanından bir qədər ağırdır, lakin o, demək olar ki, sürətini itirməyib: “pasporta” görə, M3 Touring modeli 100 km/saata sürətlənməyə 3,6 saniyə sərf edir ki, bu da, kupe və sedanın göstəricisindən cəmi 0,1 saniyə çoxdur. 200 km/saat həddini toplamağa isə, “bərkgedən” universala 12,9 saniyə gərəkdir. Maksimal sürət - 250 km/saat (və ya M Driver’s Package ilə 280 km/saat) həddində məhdudlaşdırılıb.
Universalın çəkisini azaltmaq üçün isə, karbon-keramik əyləcləri, karbon lifindən hissələri və 9,6 kiloqram yüngülləşdirilmiş M Carbon oturacaqları olan opsional M Race Track paketini sifariş etmək mümkündür.
M3 Touring dinamikliyi praktikliyi ilə birləşdirir: arxa oturacaqların kürək hissəsi 40:20:40 nisbətində qatlanaraq baqajın tutumu 500 litrdən maksimal 1510 litrə qədər artırmağa imkan verir. Kiçik əşyaları baqaja yerləşdirmək üçün, beşinci qapının ayrıca açılan arxa pəncərəsindən istifadə etmək olar. Opsional avadanlıq siyahısında, avtomatik olaraq baqajın döşəməsindən yuxarı qalxan sürüşməyə qarşı tutacaqlar da var..
M3 Touring həm də 12,3 düymlük cihazlar panelini və ən son iDrive 8 məlumat-əyləncə sisteminin 14,9-düymlük ekranını birləşdirən əyri sensorlu ekranı olan ilk M modelidir. 2021-ci ildə təqdim edilən səkkizinci nəsil sistem ilkin olaraq iX və i4 elektrik avtomobillərində quraşdırılıb, sonra isə onu “yanacaqlı” modellərdə tətbiq etməyə başlayıblar. M modelləri isə, bu sistemi yalnız indi alıblar.
BMW M3 Touring modelinin ictimai debütü iyunun 23-də Qudvud Sürət Festivalında baş tutacaqdır. “Bərkgedən” universalın satışlarna 2022-ci ilin sonunda başlanmalıdır: əvvəlcə qiyməti 97 800 avrodan başlayan M3 universalı Almaniyada, sonra isə başqa bazarlarda - digər Avropa ölkələrində, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Yeni Zelandiya və Avstraliyada satış debütü etməlidir.
BMW M3 Touring modeli ABŞ-da (ən azından hələlik) satılmayacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.