BMW şirkəti flaqman modeli olan 7-Series sedanının V12 mühərriki ilə təchiz edilmiş modifikasiyasını təqdim etmişdir. M760i xDrive indeksini daşıyan avtomobil 600 at qüvvəsi gücü və 800 Nm fırlanma anı olan 6,6-litrlik ikiqat turbokompressorlu mühərriklə hərəkətə gəlir. Ən güclü flaqman modeli 8 pilləli Steptronic sürətlər qutusu və tam ötürücülü çəkiş sistemi ilə də təchiz edilmişdir. Bavariyalı istehsalçının bildirdiyinə görə, yeni sedan 100 kilometrə 12,6 litr yanacaq sərf edir. BMW 760Li xDrive modeli saatda 100 kilometr sürətini 3,9 saniyəyə toplayır. Flaqmanın maksimal sürəti elektronika vasitəsi ilə 250 km/saat həddində məhdudlaşdırılmışdır. M Driver’s Package sifariş edilərsə maksimal sürət həddi 305 km/saata qədər artırıla bilər.
Bundan əlavə, yeni flaqman, M GmbH bölməsi tərəfindən hazırlanmış, tərkibinə daha aqressiv dizayna malik olan ön bamper və baqaj bölümünün qapağına bərkidilmiş spoyler daxil olan yeni aerodinamik kuzov dəsti ilə təchiz edilir. Avtomobil həmçinin, idman xarakterli buraxılış sistemi, Cerium Grey işləmələr, Michelin Pilot Super Sport şinləri geyindirilmiş 20-düymlük xüsusi təkər diskləri ilə də komplektləşdirilir.
760Li xDrive modelinin interyerində yeni modifikasiyaya xas olan bir neçə cizgilər də mövcuddur. Bunlar üçqollu sükan çarxı, paslanmayan poladla örtülmüş pedallar və işıqlandırılan qapı kandarlarındakı lövhəciklərdir. Bundan əlavə, avtomobilin ön panelində Piano Black işləmələrini və V12 işarəsini görmək mümkündür.
Məlum məsələdir ki, ən güclü flaqman modeli bu avtomobil üçün təklif edilən bir sıra innovativ sistemlərlə də təchiz edilir. Avtomobilin rəsmi təqdimat mərasimi gələn ay baş tutacaq Cenevrə avtomobil salonunda keçiriləcəkdir.