BMW Nürburqrinqin 100 illiyini qeyd etmək üçün altı M modelinin xüsusi yubiley versiyası hazırlayıb. “100 Jahre Nürburgring” adlanan seriyaya M2, M3 Sedan, M3 Touring, M4 Coupe, M5 Sedan və M5 Touring daxildir.

Bu xüsusi versiyalar BMW ilə əfsanəvi alman trekini bir araya gətirən uzunmüddətli əlaqəyə həsr olunub. Maraqlıdır ki, yubiley seriyası ümumilikdə doqquz modeli əhatə edir. BMW Motorrad isə bu siyahıya M 1000 RR, M 1000 R və M 1000 XR motosikletlərini əlavə edib.

Nürburqrinqin rəngi M modellərində

Yubiley avtomobillərinin hamısını birləşdirən əsas detal Nürburgring Green adlı xüsusi yaşıl rəngdir. Avtomobillərin üzərində modeldən asılı olaraq fərqli qrafika, yaşıl aksentlər, “Nürburgring since 1927” yazısı və trekdəki məşhur Nordschleife dövrəsinin sxemi yerləşdirilib.

M2, M3 Sedan, M4 Coupe və M5 Sedan modellərində yubiley zolaqları karbonplastikdən dam üzərindən keçir. M3 Touring və M5 Touring-də isə eyni zolaqlar polad damda tətbiq olunub. Səbəb sadədir: BMW bu universalları karbonplastikdən damla təklif etmir. Yaşıl rəng bir az cəsarətli görünürsə, alıcılar Black Sapphire Metallic adlı daha təmkinli kuzov rəngini də seçə biləcəklər.

Salonda da xüsusi toxunuşlar var

İnteryer tərtibatında əsasən qara rəng və yaşıl-ağ tikişlərdən istifadə olunub. Sıralı altısilindrli mühərrikə sahib modellərdə uyğun tikişlərə malik olan M Alcantara sükanı və qırmızı “sıfır” göstəricisi diqqət çəkir.

M5 Sedan və M5 Touring isə yubiley dizaynı tətbiq edilmiş M sükanla təchiz olunur. Beləliklə, xüsusi versiyanın fərqləndirici detalları yalnız kuzovla məhdudlaşmır.

Avropadakı M modelləri texniki yenilik də qazanıb

“100 Jahre Nürburgring” seriyası Avropa bazarı üçün nəzərdə tutulduğundan M2, M3 və M4 yenilənmiş sıralı altısilindrli mühərriklə təklif ediləcək. 3,0-litrlik turbomühərrikdə yeni kameraöncəsi alışdırma sistemi tətbiq olunub. Bu texnologiya daha sərt Euro 7 emissiya tələblərinə cavab verməyə və performansın qorunmasına kömək edir.

M5 Sedan və M5 Touring-də isə 4,4-litrlik V8 biturbo mühərrikinin gücü Avropa versiyalarında 536 at gücü endirilib. Bu, əvvəlki göstəricidən 41 at gücü azdır. Buna baxmayaraq, hibrid sistemin ümumi gücü dəyişməyib və 717 at gücü olaraq qalır. BMW daxiliyanma mühərrikindəki itkini elektrik mühərrikinin gücünü artırmaqla kompensasiya edib.

BMW üçün Nürburqrinq niyə bu qədər vacibdir?

Nürburqrinqin məşhur Nordschleife bölməsi 20,8 kilometr uzunluğa və 73 döngəyə malikdir. Böyük hündürlük fərqləri və mürəkkəb quruluşu buranı dünyanın ən çətin yarış treklərindən birinə çevirir. BMW üçün isə Nürburqrinq sadəcə yarış meydanı deyil. Şirkət gələcək seriya modellərinin prototiplərini istehsala başlamazdan əvvəl məhz burada sınaqdan keçirir. Başqa sözlə, M modellərinin xarakterinin formalaşmasında bu trek hələ də mühüm rol oynayır.

BMW Motorrad öz yubiley motosikletlərinin hər birindən 100 ədəd istehsal edəcəyini açıqlayıb. Avtomobillərin isə neçə ədəd buraxılacağı hələlik məlum deyil. Avropada M3 və M5 modellərinə sifarişlərinə bu ay başlanacaq. M2 isə 2027-ci ilin yanvarında satışa çıxarılacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

AUTOGRAPH NOTE

BMW-nin Nürburqrinqin 100 illiyini məhz M modelləri ilə qeyd etməsi təsadüfi deyil. “Yaşıl cəhənnəm” adlandırılan bu trek uzun illərdir markanın “bərkgedən” avtomobillərinin inkişafında mühüm rol oynayır və yeni yubiley seriyası həmin əlaqənin daha bir xüsusi ifadəsidir.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.