Köndələn yerləşdirilmiş mühərrikə və ön ötürməsinə məxsus olan BMW modellərinin sayı günü-gündən artmaqdadır. Beş il bundan öncə ilk öndənçəkişli modellər olan 2 Series Active Tourer və Gran Tourer modelləri debüt ediblər. Bundan sonra kisənin ağzı açılıb – X1 və X2 krossoverləri, yeni 1 Seres və bir müddət bundan öncə işıq üzü görən 2 Series Gran Coupe modelləri debüt edib.
Lakin, “bərkgedən” avtomobillərin yaradılması ilə məşğul olan BMW M GmbH bölməsi öndənçəkişli modellər ilə “işləməyə” tələsmir. Bu yaxınlarda CarAdive nəşrinə müsahibə verən bölmənin rəhbəri Markus Flaş da “köndələn” arxitekturalı M modellərinin olmayacağını bildirib.
BMW M2 Competition
Bu platformada inşa edilmiş ən güclü modellər “kvaziemlər” olacaqdırlar. Bunlara misal olaraq, BMW M135i hetçbekini, M235i sedanını və X2 M35i krossoverini göstərmək olar: hər üç model 306 at qüvvəli 2,0-litrlik B48 turbomühərriki, 8-pilləli “avtomat” və arxa oxu birləşdirən tam ötürmə sistemi ilə təchiz edilir. Bölmə daha “qaynar” versiyaların yaradılmasından imtina edərək, əsl M modellərinin yalnız arxa və ya tam çəkişli klassik quruluşa malik olacaqları barədə qərar qəbul edib.
Hazırda ən əlçatan M modeli 410 at qüvvəli 3,0-litrlik sıralı altısilindrli biturbomühərrik ilə hərəkətə gələn arxaçəkişli BMW M2 Competition kupesidir. Bir neçə aydan sonra bu modelin daha ”qaynar” M2 CS modifikasiyası debüt etməlidir. Ən əsası isə, Markus Flaş növbəti nəsil BMW M2 modeli üzərindəki işlərin getdiyini bildirib. Yeni model hazırki ideologiyanı və arxa ötürməni qoruyub-saxlayacaqdır. Buradan bir nəticə hasil etmək olar – 2 Series kupesinin “mülki” versiyası da klassik quruluşa olan sadiqliiyini qoruyub-saxlayacaqdır.