İlk dəfə olaraq bu adı alman brendinin 2013-cü ildə debüt etmiş yığcam elektrik hetçbeki alıb. Daha sonra, eyni ad Çin bazarı üçün nəzərdə tutulan BMW 3-Series sedanının elektrik versiyasına verilib. İndi isə, i3 indeksini zavoddaxili NA0 işarəlməsinə malik olan qlobal elektrik sedanı daşıyacaq. O, bir neçə ay ərzində təqdim edilməsi gözlənilən yanacaqlı BMW 3-Series G50 modelinin çeşidini tamamlayacaq.
Yeni BMW i3 modeli brendin Neue Klasse konsepsiyası çərçivəsində hazırlanmış ikinci modelidir. İlk belə model bu yaxınlarda təqdim edilən ikinci nəsil iX3 elektrik krossoveri olub. O, BMW Vision Neue Klasse X konseptinin üslubunda hazırlanmış cəsarətli dizaynı ilə seçilir. Sedan üçün ilham mənbəyi Vision Neue Klasse konsepti çıxış edib: yeni model onun alçaq, üçhəcmli siluetini (istehsalçı özü onu 2,5 həcmli adlandırsa da), güclü təkər tağlarını, yan tərəflərdəki dinamik ştamplamaları, irəli çıxan tutacaqlarını, eləcə də bir blokda birləşdirilmiş faraları və firma “böyrəkləri” miras alıb. BMW iX3 krossoverdən fərqli olaraq, i3 sedanının “böyrəkləri” daha lakonik dartılmış formaya malikdir.
Dizaynerlər BMW modellərinə xas olan digər cizgiləri də saxlayıblar. Sedanın yan şüşlənməsi arxa sütunda ənənəvi Hofmeister əyrisini ehtiva edir, arxa hissədə isə, güclü şəkildə uzadılmış olsa da, tanış L formalı arxa fənərlər var. Ön bamperə hava girişlərinin trapesiya şəkilli “ağızları” inteqrasiya olunub və bu, mövcud BMW M5 modelinin görünüşünə açıq istinaddır. Oxşar görünüşə daxili yanma mühərrikli BMW 3-Series modelinin də malik olacağı gözlənilir.
Yeni üslub i3 modelinin ölçülərinə ciddi təsir göstərib. Avtomobilin uzunluğu 4760 millimetr, eni - 1865 millimetr, hündürlüyü - 1480 millimetr, təkər bazası isə, iX3 krossoveri ilə eynidir - 2897 millimetr. Müqayisə üçün, hazırki BMW 3-Series (G20) modelinin uzunluğu 4713 millimetr, eni- 1827 millimetr, hündürlüyü - 1445 millimetr, təkər bazası isə, 2851 millimetrdir.
Yeni elektrik sedanının salonu demək olar ki, iX3 ilə eynidir. Sedan multimedia sisteminin 17,9 düymlük əyri sensorlu ekranı olan futuristik ön panelə, ön şüşənin altındakı Panoramic iDrive displeyinə və çoxfunksiyalı dördqollu sükan çarxına malikdir. Bütün elementlərin qarşılıqlı işinə BMW Operating System X əməliyyat sistemi cavabdehdir. Əlavə ödəniş qarşılığında 3D proyeksiya ekranını quraşdırmaq olar. Üstü açıq mərkəzi tuneldə bucaqlı stəkan tutacaqları, simsiz şarj paneli və transmissiyanın düyməli selektoru yerləşir. Avtomobilin funksiyalarının səslə idarə edilməsi, süni intellektə əsaslanan yenilənmiş Amazon Alexa+ sisteminə həvalə olunub.
Tərtibatçılar i3 modelinin geniş və rahat salonunu xüsusilə qeyd edirlər. Birinci düz döşəmə və uzadılmış təkər bazası, ikinci isə, Veganza ekodərisi və təkrar emal olunmuş materiallar (qara Merino dərisi opsiyadır), qabaqcıl kontur işıqlandırması və sürücü üçün quraşdırılmış yeddi profili olan yaddaş sistemi sayəsində təmin edilir. Standart oturacaqlar M Sport kresloları ilə əvəz edilə bilər. Alıcılar həmçinin M nişanları olan idman sükan çarxını, xarakterik xarici dekoru və mavi rəngli əyləc supportlarını sifariş edə bilərlər.
Model, kuzov quruluşuna inteqrasiya edilmiş batareyası olan ən müasir 800 voltluq platformaya əsaslanır. Bu arxitektura bir və ya iki elektrik mühərriki, habelə opsional adaptiv M asqısı quraşdırmaq üçün hesablanıb. Elektrik sedanının baza versiyası ikiqollu ön və beşqollu arxa asqı, köndələn dayanıqlılıq stabilizatorları və adaptiv amortizatorlarla təchiz edilir. Bütün idarəetmə elektronikası - əyləclər, ötürmələr, sükan və rekuperasiya - innovativ Heart of Joy sistemi tərəfindən idarə olunur. Mühəndislərin fikrincə, o, yol şəraitinə əvvəlki nəsil sistemlərdən 10 dəfə daha yeyin reaksiya verir.
BMW şirkəti i3 modelini yalnız 50 xDrive versiyasında təqdim edib. O, ümumi hasilatı 469 at qüvvəsi və 640 Nm olan iki elektrik mühərriki ilə təchiz olunub. Batareyanın dəqiq tutumu açıqlanmır (iX3 modelində 108,7 kilovat/saatdır), lakin iddia edilən gediş ehtiyatı təsiredicidir: WLTP dövrünə əsasən 900 kilometrə qədər. Avtomobil 400 kilovata qədər gücə malik olan şarj cihazı ilə təchiz edilib ki, bu da ona 400 kilometrlik gediş ehtiyatını cəmi 10 dəqiqə ərzində bərpa etməyə imkan verir. Bundan əlavə, i3 xarici istehlakçılarla enerjini paylaşa bilər: məişət cihazlarından tutmuş bütöv evə qədər.
Yeni model qabaqcıl Symbiotic Drive yardımçılar kompleksini alıb. O, 2+ səviyyəli muxtariyyətə uyğundur və avtomobili avtomatik olaraq dayandıra, zolaqda saxlaya, tıxacda sürəti tənzimləyə, yol nişanlarını oxuya və başqa şeyləri edə bilər. Sistemin bəzi xüsusiyyətləri avtomobil sahiblərinə abunə yolu ilə təklif ediləcək.
BMW i3 istehsalına bu ilin avqust ayında başlamaq planlaşdırılır. Model əsaslı modernləşdirmədən keçmiş Münhendəki əsas zavodda istehsal olunacaq. İlk tədarüklərə payızda başlanmalıdır. Qiymətlər hələlik açıqlanmayıb, lakin sedan əvvəlcə daha yüksək səviyyəli versiyalarda təklif olunacaq. Daha sərfəli təkmühərrikli versiyaların daha sonra satışa çıxarılacağı vəd edilir. Mühəndislər həmçinin universal kuzovlu is modelini, habelə M bölməsinin məhsulu olan tam ölçülü idman avtomobilini hazırlayırlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









