Hazırda krossoverlərin dəbdə olmasına baxmayaraq, BMW şirkəti sedanların istehsalına davam edəcəyini bildirib. Məlum məsələdir ki, almanlar sedanlara olan davamlı tələbı gözardı edə bilməzlər. Bu barədə alman markasının baş dizayneri Domagoy Dukeč Autoblog nəşrinə verdiyi müsahibədə bildirib.
O, krossoverlərin artan populyarlığına baxmayaraq, BMW şirkətinin sedan istehsal etməkdən imtina etməyəcəyini söyləyib. X6 modeli sayəsində kupe şəkilli krossoverlər sinfinin banisi sayılan Bavariya istehsalçısı, sedan model xəttini inkişaf etdirmək niyyətindədir. Daha inandırıcı olmaq üçün dizayner müasir memarlıqdan misal gətirərək, krossoverləri müasir evlər, sedanları isə daha zərif yaşayış məkanı ilə müqayisə edib.
Əgər birincilər vahid məkanda birləşdirilmiş mətbəx və qonaq otağıdırlarsa, sonuncular özünəməxsus təyinatı olan ayrı-ayrı otaqlardır. Dukeçin sözlərinə görə, Çində və bir sıra digər bazarlarda alıcılar "Amerika tərzi mətbəxlərdən" daha çox "zərif memarlıq" üslubuna üstünlük verirlər - yəni, ayrıca sərnişin salonu və baqaj bölməsi olan sedanları dəyərləndirirlər. Amerikalılar və avropalılar isə, əksinə, krossoverlərdəki praktiklik və universallığı seçirlər.