Edmunds nəşrinin əldə etdiyi məlumata əsasən, bu il öz 100 illik yubileyini qeyd edən BMW şirkəti flaqman modeli olan 7-Series sedanının əlamətdar hadisəyə həsr edilmiş eksklyuziv variantını buraxmaq niyyətindədir. Məhdud sayda buraxılacaq yubiley nəşrinin Centennial Limited Edition adını alacağı da bildirilmişdir. Əldə edilən məlumatda xüsusi seriyadan olan avtomobillərin bu ilin payızında satışa çıxarılacağı da bildirilir. Qeyri-rəsmi məlumata görə, BMW 7-Series Centennial Edition modelinin eksteryer və interyerin tərtibatında bir sıra eksklyuziv yeniliklər öz həllini tapacaqdır.

Əlbəttə ki, təntənəli yubileyə həsr edilmiş flaqman üçün zəngin çeşiddə əlavə aksessuarlar da təklif ediləcəkdir.

Dəbdəbəli avtomobilin salonunda daha çox yüksək kefiyyətli materialların tətbiq ediləcəyi və yubiley nəşrini fərqləndirən xüsusi nişanlar quraşdırılacağı bilidirilir. BMW şirkətinin 100 illik yubileyinə həsr edilmiş 7-Series Centennial Edition modelinin texniki cəhətdən dəyişikliklərə məruz qalacağı məlum deyildir.

Söylənilənlərə görə, yubiley nəşri, 320 at qüvvəli 3,0-litrlik dizel güc aqreqatı, 445 at qüvvəli 4,4-litrlik iki turboüfürməli V8 mühərriki və M760i xDrive modelindən tanış olan 600 at qüvvəli 6,6-litrlik M Performance TwinPower Turbo V12 mühərriki də daxil olan geniş çeşiddə aqreqatlar qamması ilə təklif ediləcəkdir.

Xatırladaq ki, bu günlərdə Bavariyadan olan istehsalçı 100 illik yubileyə həsr edilmiş BMW Vision Next 100 Concept avtomobilini təqdim etmişdir. Bu konsept 100 illi yubileyin şərəfinə hazırlanacaq dörd konseptdən birincisidir. Bu il alman konserninə daxil olan markalar - Rolls-Royce, Mini və BMW Motorrad, daha üç konsept təqdim etməlidirlər. 

Alman konsernindən verilən məlumata görə növbəti konsept, Rolls-Royce markasının tarixində ilk konseptual model olacaq Rolls-Royce Grand Sanctuary avtomobilidir.