BMW şirkəti 3-Series ailəsinin ən iri üzvü olan Gran Turismo hetçbekinin yenilənmiş variantını rəsmi olaraq təqdim etmişdir. Yenilənmədən sonra, hetçbek dəyişdirilmiş mühərrik çeşidinə və zahiri görkəmə malik olmuşdur. Belə ki, BMW 3-Series GT modeli 328i və 335i variantlarından məhrum olmuşdur. Bildiyimiz kimi, birinci modifikasiya 245 at qüvvəsinə malik olan 2,0-litrlik dörd silindirli, ikinci variant isə 306 at qüvəsinə malik olan 3,0-litrlik altı silindirli mühərriklə təchiz edilirdi.
Artıq bu modifikasiyaların əvəzinə 330i və 340i variantları təklif ediləcəkdir. Birinci modifikasiya 2,0-litrlik «turbodördlüklə» təchiz edilcəkdir ki, bu mühərrik də 252 at qüvvəsinə və 350 Nm fırlanma anı təklif edəcəkdir. İkinci variant gücü 326 at qüvvəsi, fırlanma anı 450 Nm olan 3,0-litrlik altısilindirli turbomühərriklə təchiz ediləcəkdir.
Dizel güc aqreqatları ilə təchiz edilmiş avtomobillərin arasında 325d variantının mühərrikində dəyişikliklər edilmişdir.
Əvvəllər 218 at qüvvəsi və 450 Nm fırlanma anı təklif edən mühərrik artıq 224 at qüvvəsinə malik olacaqdır. Mühərrikin fırlanma anı dəyişilməz qalmışdır.
Ümumilikdə, BMW 3-Series GT avtomobilləri üç benzin və beş dizel mühərriki ilə təklif ediləcəkdirlər. Bütün benzin variantları üçün xDrive tam çəkiş sistemini sifariş etmək mümkün olacaqdır. Dizel aqreqatlarla təchiz edilmiş avtomobillər üçün tam çəkiş sistemi 320d, 330d və 335d variantlarında quraşdırıla bilər.
Mühərrik çeşidi ilə yanaşı avtomobilin zahiri görkəmində də müəyyən dəyişikliklər edilmişdir. İlk növbədə avtomobillər işıqdiodlarından hazırlanmış işıq texnikasını əldə etmişdirlər. Ön LED fənərləri bütün modellər üçün standart olacaqdır. Bundan əlavə, ön və arxa bamperlərin dizaynında yeniliklər edilmişdir.
BMW 3-Series GT modelləri üçün iki yeni rəng çaları, üç yeni təkər diskləri və interyerin tərtibatında istifadə edilən yeni materiallar təklif edilir. Yenilənmiş avtomobillərin satışına bu ilin iyul ayında başlanmalıdır.