Bir müddət bundan öncə, Daimler AG konsernindəki kadr dəyişiklikləri barədə məlumat vermişdik. Beləliklə, artıq bu dəyişikliklərin ilk mərhələsi baş tutub - Diter Zetşe konsernin İdarə heyətinin sədri və Mercedes-Benz Cars şirkətinin rəhbəri vəzifəsindən gedib. O, bu vəzifələri, müvafiq olaraq, 2006 və 2005-ci ildən tuturdu.
65 yaşlı Diter Zetşenin vəzifəsindən getməsi 2019-cu ildə keçirilmiş konsernin səhmdarlarının illik yığıncağından sonra baş tutub. Onu bu vəzifədə Daimler konserninin və Mercedes-Benz Cars şirkətinin araşdırmalar bölümünün rəhbəri vəzifəsində çalışan Ola Kallenius əvəzləyib.
Əslində, Diter Zetşe Daimler konsernini tamamilə tərk etməyib. Plana əsasən o, 2021-ci ildə konsernin Müşahidə şurasına başçılıq etməlidir. Lakin, bunun üçün Zetşe iki il şirkətin işlərindən kənar qalmalıdır. Hazırda bu vəzifəni 76 yaşlı Manfred Bişoff tutur.
Zetşenin vəzifədən getməsi rəqiblərin gözündən yayınmayıb. BMW şirkəti bu hadisə ilə bağlı məzəli videoçarx hazırlayıb. Videoçarxda Zetşe konserndəki son iş günü təsvir edilir: o, əməkdaşlarla sağollaşır və giriş kartını təhvil təhlükəsizlik xidmətinə verir. Sonra isə, Mercedes-Benz S-Class sedanına əyləşərək evinə yollanır.
Münhen istehsalçının fikrincə Daimler konserninin sabiq rəhbərinin qarajında klassik Mercedes-Benz modelləri və top menecerin yeni həyata addım atdığı BMW i8 rodsteri vardır. BMW videoçarxı Diter Zetşenin ünvanına təşəkkür ilə bitirib.