BMW şirkəti G70 nəslindən olan 7 Series bayraqdar sedanının yeni modifikasiyalarını buraxacağını bəyan edib. Flaqman sedanının modifikasiya çeşidinə 740d xDrive dizel versiyası və iki hibrid - 750e xDrive və M760e xDrive modifikasiyaları əlavə edilib. Onların istehsalına noyabr ayında başlanmalıdır. Hazır avtomobillərin sifarişçilərə çatdırılmasına gələn ilin yazında başlanacaqdır. Bu üçlükdə ən əlçatan sedan dizel versiyasıdır, ən bahalısı isə, ilk BMW M plagin hibrididir.
Yeni modifikasiyaların qiymətləri artıq məlumdur: BMW 740d xDrive - 114 300, 750e xDrive - 123 500, M760e xDrive isə 144 000 avroya başa gələcəkdir.
BMW 740d xDrive versiyasındakı 3,0-litrlik dizel mühərriki yeni polad porşenləri, 2500 barlıq təzyiqi və hər iş taktında 12 dəfə yanacaq püskürdən elektromaqnetik forsunkaları olan common-rail püskürtmə sistemini alıb.
Səkkiz pilləli Steptronic “avtomatına” quraşdırılmış elektrik mühərriki sürətlənmə zamanı daxili yanma mühərrikinə kömək edir. Mülayim hibridin ümumi hasilatı 300 at qüvvəsi və 670 Nm fırlanma anıdır. BMW 740d xDrive sedanı 100 km/saata 5,8 saniyəyə sürətlənir.
750e xDrive və M760e xDrive modellərinin təchiz edildiyi hibrid güc qurğusunun tərkibinə 3,0-litrlik altısilindrli benzin turbomühərriki, elektrik mühərriki və 18,7 kilovat-saatlıq dartma batareyası daxildir. Daxili yanma mühərrikini işə salmadan hər iki hibrid 75-85 kilometr qət edə bilər. Pasport üzrə yanacaq sərfiyyatı 100 kilometrə 1,0-1,3 litr səviyyəsindədir.
Hibrid güc qurğusu 750e xDrive modelində 490 at qüvvəsi və 700 Nm fırlanma anı, 760e xDrive modeli isə 571 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edir. 750e xDrive modeli 100 km/saata 4,8 saniyəyə, BMW M bölməsinin ilk plagin hibridi isə 4,3 saniyəyə sürətlənir. Bu, 760i xDrive modelinin 4,2 saniyəlik nəticəsindən sonra ikinci ən yaxşı nəticədir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.