BMW şirkəti i3 elektrokarını yenilənmiş yüksək tutumlu akkumulyator dəsti ilə təchiz etmişdir. Yeni akkumlyator dəsti avtomobilin yürüş məsafəsini 50 faiz artırmağa kömək edəcəkdir. Samsung şirkəti ilə birlikdə hazırlanmış batareyalar dəstinin tutumu 22 kilovat-saatdan 33 kilovat-saata qədər artırılmışdır. Beləliklə, yeni batareyalar sayəsində avtomobil qidalanmadan 300 kilometr məsafə qət etmək iqtidarındadır. Xatırladaq ki, əvvəllər elektrokarın yürüş məsafəsi 160 - 190 kilometr arasında idi.
Bacariyalıların bildirdiyinə görə, soyuq hava şəraitində və havalandırma sisteminin işləməsi halında belə, elektrokarın yürüş məsafəsi 200 kilometrdən az olmayacaqdır. Yeni batareyalar dəsti, BMW i3 modelinin 170 at qüvvəsi gücü olan elektrik mühərriki ilə təchiz edilmiş tam elektrik variantı ilə yanaşı, batareyaların doldurulmasını təmin edən ikisilindirli DYM olan modifikasiyasında da quraşdırılacaqdır. Sonuncu halda avtomobilin yürüş məsafəsi 150 kilometr də artacaqdır.
Yeni batareyalar dəsti köhnə ölçülərini qoruyub-saxlasa da, onun çəkisi 50 kiloqram artmışdır. BMW i3 modelinin tam elektrik variantı 100 km/saat həddinə 7,3 saniyəyə, daxili yanacaq mühərriki olan variantı isə 8,1 saniyəyə sürətlənir. Avtomobilin maksimal sürəti elektronika tərəfindən 150 km/saat həddində məhdudlaşdırılmışdır.