BMW şirkəti i4 modelinin ilk rəsmi şəkillərini iki ay bundan öncə nümayiş etdirmişdi. Bu gün isə, alman istehsalçısı ölçülərinə görə 3 Series modeli ilə müqayisə olunan elektrik liftbeki haqqında ətraflı məlumatı dərc edib. Çox güman ki, adi 4 Series Gran Coupe modeli də elektrokara bənzər olacaqdır. Əslində i4 modelinin daxili yanma mühərriki olan avtomobilləri ilə unifikasiyası o qədər də yüksək deyil.
BMW i4
BMW i4 liftbekinin uzunluğu 4783 millimetr, eni - 1852 millimetr, hündürlüyü - 1448 millimetr, təkər bazası isə 2856 millimetrdir. Liftbek çərçivəsiz qapılara, tam LED işıq texnikasına və qapalı "burun deliklərinə" malikdir.
Xarici kuzov panellərinin hazırlanmasında alüminiumdan geniş istifadə olunur, adi tutuşa malik olan qapı tutacaqlarının yerinə isə “batırılmış” variantlar peyda olub. Kuzovun aerodinamik müqavimət əmsalı 0,24-dür, halbuki 3 Series modelinin bəzi versiyalarında bu rəqəm 0,23 təşkil edir.
BMW i4
BMW iX krossoveri kimi, i4 liftbeki də dartma batareyasının kuzov strukturuna inteqrasiya olunduğu və xüsusi olaraq elektrokarlar üçün yaradılmış yeni platformada inşa edilib. Elektrik liftbekinin asqıları adi “üçlük” ilə unifikasiya edilib: ön tərəfdə - McPherson dayaqları, arxada isə beşqollu asqı var.
Ancaq artıq "bazada" elektromobil arxa pnevmatik asqı ilə təchiz olunur. Elektrokarın təkər izi ön tərəfdə 26 millimetr, arxada isə 13 millimetr genişləndirilib. Eyni zamanda, bütün elektrik komponentlərinin aşağıda yerləşməsi sayəsində, ağırlıq mərkəzi də 53 millimetr aşağı düşüb.
BMW i4
Əgər BMW iX krossoverinin interyerində dizaynerlər firma dizayn üslubundan imtina etsələr də, i4 modelinin salon arxitekturası ön panelin və hətta mərkəzi konsolun xarakterik formalarını qoruyub.
Bununla belə, sürücünün qarşısında, vahid şüşə altında iki ekranın yerləşdiyi günəşliksiz panel yerləşdirilib. Cihazlar panelinin ekranı 12,3-düymlük, media sisteminin sensorlu ekranı isə 14,9-düymlükdür.
BMW i4
Yeni səkkizinci nəsil iDrive sistemi genişləndirilmiş bulud xidmətlərinə, habelə avtomobil sahibinin vərdişlərinə və istəklərinə adaptasiyanın yüksəldilmiş səviyyəsinə malik olub. İqlimə nəzarət sisteminin ayrıca idarəetmə panelindən nəhayət imtina edilib: indi bütün idarəetmə funksiyaları multimedia sisteminin daxilindədir.
Salon tərtibatında təkrar emal olunan materiallardan geniş istifadə olunur. Arxa divan nominal olaraq 40:20:40 nisbətində üç hissəyə bölünür. Baqaj bölümünün həcmi 470 ilə 1290 litr arasındadır. Üstəlik, liftbek 1,6 tona qədər çəkisi olan qoşqu yedəyə ala bilər.
BMW i4
BMW i4 modeli də beşinci nəsil elektrik texnologiyasına malikdir. Liftbek modul tipli yığcam elektrik mühərrikləri və xüsusi enerji sıxlığı i3 modelinin batareyasından 40% daha yüksək olan yeni dartma batareyası ilə təchiz edilir. Hüceyrələrin hündürlüyü 110 millimetrdir.
Hələlik, elektrik liftbeki 83.9 kilovat-saatlıq batareya ilə təklif olunur – lakin bu tutumun yalnız 80.7 kilovat-saatı əlçatandır. Bununla birlikdə, elektrokarın işləmə gərginliyi 400 voltdur. Xatırladaq ki, Porsche və Audi elektrokarları artıq 800 voltluq sistemdən istifadə edirlər.
BMW i4
Elektrokar bazara iki versiyada çıxacaqdır. Birinci versiya 340 at qüvvəsi və 430 Nm fırlanma anı hasil edən yeganə elektrik mühərriki ilə hərəkətə gələn arxa ötürməli BMW i4 eDrive40 modifikasiyasıdır.
2125 kiloqramlıq liftbek 100 km/saata 5,7 saniyəyə sürətlənir və elektronika tərəfindən 190 km/saat həddinə məhdudlaşdırılmış maksimal sürətə malikdir. Dolu batareya ilə yürüş məsafəsi WLTP dövrünə əsasən 590 kilometrdir (əslində daha az olacaqdır).
BMW i4
İkinci modifikasiya, M bölməsinin hazırladığı BMW i4 M50 liftbekidir.Bu modifikasiya iki elektrik mühərrikinə və tam ötürməyə malikdir: ön tərəfdəki mühərrik 258 at qüvvəsi, arxadakı isə 313 at qüvvəsi hasil edir. Bununla belə, sistemin qısa müddətli Sport Boost rejimində belə maksimal ümumi hasilatı 544 at qüvvəsi və 795 Nm təşkil edir.
Liftbekin çəkisi 2290 kiloqramdır. Elektrokar 100 km /saat həddinə sürətlənməyə 3.9 saniyə sərf edir, onun maksimal sürəti isə 225 km/saatda məhdudlaşdırılıb. Liftbek yürüş ehtiyatı 510 kilometrdir. Bundan əlavə, M50 versiyası xüsusi dayaqları olan adaptiv M-asqısına malikdir.
BMW i4 M50
BMW i4 modelinin sürücüsü rekuperasiya səviyyəsini ən səmərəli “tək pedallı” sürüş rejiminə qədər tənzimləyə bilər. Tək mühərrikli versiyanın maksimum bərpa gücü 116 kilovat, ikimühərrikli versiyanın isə 195 kilovatdır.
Bununla birlikdə, liftbekin mexaniki əyləcləri daxili yanma mühərriki olan avtomobillərdən heç geri qalmır: bütün təkərlərdə havalandırılan disklər quraşdırılır, ön tərəfdəki supportlar isə dörd porşenlidirlər.
BMW i4 M50
Yükləmənin gücü dəyişkən cərəyanlı üçfazalı çıxışdan 11 kilovat, daimi cərəyanlı terminalından isə 200 kilovat təşkil edir. Batareyanın 10 faizindən 80 faizinə qədər doldurulmasına yarım saat gərəkdir..
Təbii ki, BMW i4 modeli ikinci səviyyəli avtopilot (zolaqda saxlama və yol nişanlarını oxuma funksiyasına malik olan adaptiv kruiz-kontrol) da daxil olmaqla, elektron köməkçilərin tam dəstinə malikdir.
Yeni nəsil BMW elektromobillərinin hər bir modifikasiyası üçün özünəməxsus öz "soundtreki" olacaqdır. Sürücü üçün deyil, daha çox ətrafdakı piyadalar üçün də nəzərdə tutulan səsli müşayət alman bəstəkarı Hans Zimmer tərəfindən yaradılıb.
BMW i4 elektromobilləri Münhendəki baş zavodda istehsal ediləcəkdirlər. Eelektrokarın satışları noyabr ayında Norveçdə başlanacaqdır. Bununla birlikdə, Almaniyadakı satış qiymətləri artıq elan edilib: eDrive40 versiyası 58.300 avrodan, M50 modeli isə 69.900 avrodan başlayan qiymətlərlə satılacaqdırlar. Elektrokara sifarişlər artıq qəbul edilirlər.