BMW M idman avtomobillərinin iyerarxiyasında yeni M4 CS versiyası M4 Competition Coupé M xDrive və M4 CSL arasında yer alacaq. Yeni kupe öz mühərrikini M4 CSL ilə bölüşəcək. Bu, M4 GT3 mühərrikinin əsasını təşkil edən 3,0-litrlik sıralı altısilindrli benzin biturbomühərrikidir. 550 at qüvvəsi və 650 Nm hasil edən güc aqreqatı səkkiz pilləli M Steptronic “avtomatı” ilə tandemdə çalışır.
100 km/saata sürətlənmədə M4 CS versiyası CSL indeksli kupedən (3,7 saniyə) daha sürətlidir, lakin avtomobillər 200 km/saata 0,4 saniyə fərqlə sürətlənirlər - və bu, yeniliyin xeyrinə deyil. Maksimal sürət də fərqlidir: M4 CSL versiyasının maksimal sürəti 307, M4 CS kupesinin isə, 302 km/saatdır.
Arxa ötürməli məhdud buraxılışlı ikiqapılıdan fərqli olaraq, M4 CS aktiv arxa differensialı olan M xDrive tam ötürmə sisteminə malikdir. Asqı sisteminin kinematikası və təkərlərin quraşdırılma bucaqlarına yenidən baxılıb, yenidən tənzimlənmiş elektron idarələnən amortizatorlar, köməkçi yaylar və köndələn dayanıqlılıq stabilizatorları quraşdırılıb.
Eyni zamanda, elektromexaniki M Servotronic sükan gücləndiricisinin, stabilləşdirici elektronikanın və M Dinamik Mode sisteminin tənzimləmələri dəyişdirilib. Nəticədə, kupe Nürburqrinqin tam dövrəsini 7 dəqiqə 21,989 saniyəyə qət edir ki, bu da adi M4 Competition modelinin göstəricisindən altı saniyə daha yaxşıdır.
Bununla belə, M4 CS də daha az çəkiyə malikdir. Fərq azdır - təxminən 20 kiloqram, lakin o da ümumi işə öz töhfəsini verir. Dam, kapot, ön splitter və arxa diffuzor karbon lifi ilə gücləndirilmiş plastikdən hazırlanıb.
M Compound əyləcləri, müxtəlif ölçülü döymə təkər diskləri, titandan səsboğucusu olan yüngül buraxılış magistralı (minus 4 kiloqram) və M Carbon idman oturacaqları standart təchizata daxildirlər. Əlavə ödəniş müqabilində karbon keramika əyləclərini, yarış sliklərini və kuzovun ön hissəsi üçün alüminium dayaq dəstini sifariş etmək olar.
M4 CS modelinin standart təchizatına M Drive Professional sistemi də daxildir. O, yana sürüşmələri qiymətləndirən M Drift Analyser və trekdə gediş barədə təfərrüatlı məlumatları təqdim edən, habelə onu dostlarla paylaşmağa imkan verən M Laptimer funksiyalarına girişi təmin edir. Bundan əlavə, 10 səviyyədə müdaxilə imkanı olan qabaqcıl trəşk-kontrol da var!
M4 CS modeli BMW Group Dingolfing zavodunda istehsal olunacaq. İstehsalın başlanması bu ilin iyul ayına planlaşdırılıb, lakin mayın sonunda sifarişlər qəbul edilməyə başlanacaq. ABŞ-da M4 CS modelinin satış qiyməti 123.500 dollar təşkil edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.