BMW şirkəti yeddinci nəsil 3-Series sedanı üçün hazırladığı M Performance Parts tüninq xəttindən olan aksessuarları təqdim edib. Yeni nəsil BMW 3-Series sedanının gələn ilin mart ayında satışa çıxmasına baxmayaraq, alman istehsalçısı yeni aksessuarlar dəstini vaxtından əvvəl nümayiş etydirmək qərarına gəlib.
BMW yeni sedan üçün çoxsaylı kuzov elementləri təklif edir. Bu elementlər qara parlaq rəngdə və yaxud rənglənməmiş karbondan hazırlana bilər. Üstəlik, almanlar ön splitterin, yan güzgülərin dekorlarının və M-kandarların bir neçə variantını təklif edirlər.
Sedanın arxa hissəsini iki spoylerdən biri ilə, həmçinin tündləşdirilmiş fənərlər və diffuzorla bəzəmək mümkündür. Eyni zamanda, titan və ya karbondan çıxış borularının ucluqlarına malik olan yeni səsboğucu sistemi də sifariş etmək olar. Alman mütəxəssisləri BMW 3-Series sedanını qırmızı supportları olan 18-düymlük əyləc mexanizmləri ilə təchiz etməyi də təklif edirlər. Bu mexanizmlərin daha cəlbedici görünməsi üçün 18 - 20 düym arasında ölçüyə malik olan müxtəlif dizaynlı və rəngli təkər disklərini seçmək gərəkdir. Ehtiyat təkərlərinin saxlanılması üçün M-üzlüklər də siyahıya daxil edilib.
İnteryerdəki yeniliklər qırmızı tikişləri və “0” nöqtəsi olan yeni sükan çarxı, ötürmələr qutusunun karbondan hazırlanmış sükanaltı dəstəkləri və interyerin geniş çeşiddə karbon dekorlarından ibarətdir. Trekdə zamanla yarışmaq arzusunda olanlara M Performance telemetriya bloku da təklif edilir. Bu blok avtomobilin qurğularının fəaliyyəti barədə məlumatı smartfona ötürməklə yanaşı, video yazmaq üçün kamera və ya telefonlarla tandemdə çalışa bilər.