BMW şirkəti iX1-dən başlayaraq iX9 kimi olan yeni əmtəə nişanlarını qeydiyyatdan keçirib. Çox güman ki, Bavariya istehsalçısı, cari X modellərinin bazasında yaradılacaq elektrik krossoverlərini belə adlandırmaq niyyətindədir.
“Auto Express” dərgisinin məlumatına əsasən, istehsalçının ilk elektrik krossoveri BMW iX3 modeli olacaqdır.
Elektrik krossoverinin satışlarına 2019-cu ildə başlanmalıdır. Mövcud olan model və platformalardan istifadə şirkətin xərclərini ciddi şəkildə azaltmağa və elektromobillərin yaradılması prosesini sürətləndirməyə imkan verəcəkdir. Bu istiqamət, bavariyalıların rəqibləri olan Audi, Mercedes-Benz və Jaguar markalarının seçdiyi istiqamətə nisbətən daha əlverişlidir. Bildiyimiz kimi, adı çəkilən şirkətlər elektrik modelləri üçün unikal platforma və aqreqatlar hazırlamağa üstünlük verirlər.
2020-ci ildə BMW şirkətinin təqdim edəcəyi digər bir model i5 indeksli sedan olacaqdır. Gələcək elektrik sedanın carçısı olan i Vision Dynamics konsepti istehsalçı Frankfurt avtosalonunda nümayiş etdirib.