Artıq bir neçə aydır ki, BMW şirkətinin super dəbdəbəli avtomobil buraxacağı barədə söz-söhbətlərin ardı-arası kəsilmək bilməyir. Nəhayət ki, Bavariya istehsalçısının rəhbərliyi bu məsələyə aydınlıq gətirmişdir. Alman konserinin səhmdarlarının Münhen şəhərində keçirilən 96-cı yığılncağında çıxış edən BMW şirkətinin idarə heyətinin sədri Harald Krüger, yeni lyüks modelin hazırlandığını bəyan etmişdir. Bununla belə, Krüger naməlum avtomobilin alman istehsalçısının model cərgəsində hansı yeri tutacağı barədə açıqlama verməmişdir.
Başqa sözlə desək, bu avtomobilin BMW şirkətinin bayraqdar sedanı olan 7-Series modelindən üst pillədə qərarlaşacağı hələ də təsdiqini tapmamışdır. Çox güman ki, biz Pininfarina dizayn studiyası tərəfindən hazırlanmış Gran Lusso Coupe konseptinin, Mercedes-Benz S-Class Coupe modelinə rəqib olacaq seriya variantını görə də bilərik.
Eyni zamanda, Mercedes-Maybach S-Class modelinə rəqib olacaq BMW 7-Series sedanının xüsusi modifikasiyasının da təqdim ediləcəyini istisna deyildir.
Bundan əlavə, yüksək vəzifəli menecer, Rolls-Royce şirkətinin hazırladığı SUV avtomobili ilə eyni platformanı paylaşacaq X7 krossoverinin də buraxılacağını təsdiq etmişdir. Qeyd etmək lazımdır ki, hər iki model 2018-ci ildə işıq üzü görməlidir.
Yığıncaqda həmçinin hibrid güc aqreqatları barədə də fikirlər səslənmişdir. Yaxın gələcəkdə, bu sayaq güc aqreqatları demək olar ki, bütün BMW modelləri üçün təklif ediləcəkdir.
Eyni zamanda, Bavariyalı istehsalçı «i» seriyasından olan avtomobillər haqqında da açıqlama vermişdir - yığcam i3 və «idmançı» i8 modeli ilə yanaşı ailəvi i5 modelinin də buraxılacağı təsdiqini tapmışdır.