Gözlənildiyi kimi, BMW şirkəti bu gün yenilənmiş “bərkgedən” M5 və M5 Competition sedanlarını təqdim edib. Yenilənmiş “bərkgedən” sedanlar irilənmiş radiator barmaqlığı, altıbucaqlı barmaqlığı və iri yan hava girişləri olan yeni ön bamperi, habelə karbondan hazırlanmış ön qanadları ilə seçilir. Sedanın təchiz edildiyi L-şəkilli LED fənərlər də tamamilə yenidir və avtomobilə aqressiv görkəm bəxş edirlər.

Arxa hissədə baş vermiş dəyişikliklər daha incə xarakterə malikdirlər: üçölçülü tərtibata malik olan arxa fənərlər, yeni arxa bamper və buraxılış sisteminin dörd çıxış borusu diqqəti cəlb edən elementlərdəndir. 19-düymlük təkər diskləri M5 modelinin standart təchizatına daxildir. M5 Competition modeli standart olaraq tündləşdirilmiş eksteryer elementləri ilə təchiz edilir: bunlara radiator barmaqlığı, arxa fənərlər, baqaj qapağındakı spoiler, emblemlər və əlbəttə ki, təkər diskləri aiddir.

BMW M5

BMW M5 modelinin interyerində baş vermiş əsas yenilik modelin standart təchizatına daxil edilmiş iDrive 7 interfeysinə malik olan Live Cockpit sistemidir. Bu sistemin tərkibinə iki 12,3-düymlük displey daxildir ki, onlardan biri virtual cihazlar panelinin, digəri isə multimedia sisteminin displeyləridir. Sonuncu displey sensorludur.

Bundan başqa, salonda yeni M sükan çarxını, həmçinin Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia sistemini görmək olar. Eyni zamanda, iDrive 7 interfeysi bulud naviqasiya sisteminin və yeni aktiv təhlükəsizlik sistemlərinin mövcudluğunu da nəzərdə tutur.   

BMW M5

Yenilənmiş BMW M5 modeli hərəkət zolağına nəzarət funksiyası, piyadaları aşkarlama funksiyasına malik olan avtomatik təcili əyləcləmə sistemi, arxaya hərəkət zamanı köndələn trafik haqqında xəbərdar edən sistem və avtomatik uzaq işıqlarla da təchiz olunur.

Tərkibinə  Stop/Go funksiyalı adaptiv kruiz-kontrol, zolaqdakı hərəkətin mərkəzləşdirilməsi və bir sıra sistemlər daxil olan Driving Assistance Professional yardımçı sistemləri kompleksini əlavə ödənişlə əldə etmək olar.

BMW M5 Competition

M5 Competition modeli standart olaraq  BMW Laserlight fənərləri ilə də təchiz edilir. Bundan başqa, opsional BMW Idividual Shadowline dəsti adaptiv və lazer ön fənərlərinin tündəşdirilməsini nəzərdə tutur. Eyni zamanda, “bərkgedən” sedanlar M8 modelindən götürülmüş M Mode hərəkət rejimləri sisteminə də sahib olublar.

Mərkəzi konsoldakı düymələrin köməkliyi ilə, sürücü Road və Sport rejimləri arasında seçim edə bilər. M5 Competition modeli üçün Track tənzimləmələr düyməsi də nəzərdə tutulmuşdur. Daha iki fərdi rejimi sükan çarxındakı qırmızı düymələrə təhkim etmək olar.

BMW M5 Competition

Yenilənməyə məruz qalmayan yeganə sahə avtomobilin mühərrik çeşididir. “Bərkgedən” sedan əvvəlki kimi 600 at qüvvəsi hasil edən 4.4-litrlik V8 tvin-turbo mühərriki ilə təchiz edilir. M5 Competition modifikasiyasında bu mühərrik 625 at qüvvəsi təklif edir.

Mühərriklər Drivelogic funksiyası olan 8-pilləli M Steptronic ötürmələr qutusu ilə tandemdə çalışırlar. Məlum məsələdir ki, sedanlar drift rejiminə malik olan M xDrive tam ötürməsi ilə də təchiz edilirlər.

BMW M5 Competition

M5 Competition modeli M8 Gran Coupe modelindən götürülmüş yeni amortizatorlar ilə təchiz edilir. Yeni amortizator və şassi tənzimləmələri sayəsində sedan yaxşılaşdırılmış idarəetməyə  və əla komfort göstəricilərinə sahib olub.

Bundan başqa, Competition modifikasiyası adi M5 modelində nisbətən 7 millimetr azaldımış klirensə malikdir. M5 sedanı 100 km/saat həddinə 3,4 saniyəyə, M5 Competition isə 3,3 saniyəyə sürətlənir. 200 km/saat həddini toplamağa sedanlar müvafiq olaraq, 11,1 və 10,8 saniyə tələb olunur. Maksimal sürət 250 km/saat həddində məhdudlaşdırılır. M Driver's Package. dəstini sifariş etdikdə bu hədd 305 km/saata çəkilir.

BMW M5

Yenilənmiş M5 modellərinin boya çeşidinə yeni Brands Hatch Grey və Motegi Red çalarları əlavə edilmişdir. Bundan başqa, BMW Individual bölməsi Tranzanite Blue II, Aventurine Red II metallik rənglərini və Frozen Bluestone tutqun metallik rəngini təklif edir. Champagne Quarz metallik rənginin adı Alvit Grey-ə dəyişdirilib.

Opsional olaraq, sedanları M8 modelindən tanış olan 20-düymlük Orbit Grey rəngli cilalanmış təkər diskləri ilə də sifariş etmək olar. M Compound əyləc mexanizmlərini parlaq qara və ya qırmızı rəngli supportlarla təchiz etmək olar, alternativ olaraq mavi supportlar da təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş M5 modelinin Almaniyadakı satış qiymətləri 120.900 avrodan başlayır, M5 Competition modeli üçün isə əlavə 9.000 avro ödəmək gərəkdir.