BMW avtomobillərinin simsiz şarj sistemindən istifadə etməklə smartfonu doldurmaq cəhdi problemin yaranmasına gətirib çıxarır. Nəticədə müxtəlif funksiyaların, o cümlədən təmassız ödənişin işləməsini təmin edən NFC çipi sıradan çıxa bilər. “MacRumors” vebsaytının bildirdiyinə görə, artıq yeni nəsil iPhone smartfonunun bir neçə sahibi belə problemlə qarşılaşıb - onlar xidmət mərkəzlərinə müraciət edərək, telefonun bəzi funksiyalarının işləməməsindən şikayətləniblər.

BMW avtomobillərinin simsiz şarj sistemindən istifadə zamanı yeni iPhone 15 smartfonu məlumatı bərpa rejiminə keçir. Smartfon yenidən işə salındıqdan sonra isə, NFC çipi (Near Field Communication; yaxın məsafəli rabitə) işləmir ki, bu da təmassız üsulla ödənişi və smartfondan elektron açar kimi istifadəni qeyri-mümkün edir. İstifadəçi isə ekranda “ApplePay’i tənizmləmək alınmadı” mesajını görür.

NFC çipinin sıradan çıxması ilə iPhone 15 Pro və iPhone 15 Pro Max modellərinin sahibləri üzləşiblər. Lakin, çox güman ki, belə problemlə iPhone 15 və iPhone 15 Plus modellərinin sahibləri də qarşılaşa bilərlər.

Qüsurlu smartfonlar yeniləri ilə əvəz olunsa da, Apple şirkəti problemlə bağlı açıqlama verməyib. BMW tərəfindən də vəziyyətə heç bir reaksiya verilməyib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.