BMW şirkəti Yaponiyada satılan üç modelin xüsusi Edition Sunrise versiyasını təqdim edib. Adından da göründüyü kimi, xüsusi seriyadan olan avtomobillər Yaponiyanın rəmzi olan doğan günəşin gözəlliyini tərənnüm edir. Qırmızı zolarlarla bəzədilmiş ağ rəngli kuzova malik olan 3 Series sedanı, X2 krossoveri və Z4 rodsteri məhdud sayda - modeldən asılı olaraq 50 və ya 200 nüsxədə buraxılacaqdır.
Bütün BMW Sunrise Edition modellərini kuzovun yan tərəflərinə və güzgü gövdələrinə çəkilmiş qırmızı xətləri olan ağ Alpin White rəngi birləşdirir. Bir qədər sonra, şirkət, Melbourne Red rəngində olan BMW 3 Series modelini də təqdim etməyə söz verib. Standart avadanlıqlar dəsti və buraxılış həcmi modeldən asılıdır. BMW X2 xDrive18d M Sport Edition Sunrise krossoveri 200 ədəd buraxılacaqdır. Onların hər biri M Performance kuzov dəsti, adaptiv asqı, eksteryerin parlaq qara tərtibatı və salonun alüminium dekoru ilə təklif ediləcəkdirlər.
BMW 320d xDrive M Sport Edition Sunrise sedanı oxşar avadanlıqları, 19-düymlük təkər disklərini, oturacaqların dəri örtüklərini və M Performance təklükəsizlik kəmərlərini alacaqdır. Sedan 200 nüsxəlik tirajla buraxılacaqdir. Melbourne Red rənginə boyanmış variant daha eksklüziv olacaqdır: belə sedanların tirajı 50 nüsxədən ibarətdir. Eyni tirajla qara rəngli təkər disklərinə və eksteryer tərtibatına malik olan BMW Z4 sDrive20i M Sport Edition Sunrise rodsteri buraxılacaqdır.
Edition Sunrise seriyasından olan BMW X2 krossoveri 5.540.000 (87.670 manat) yenə başa gəlir. Kuzov rəngindən və tiraj;ndan asılı olaraq, BMW 3 Series sedanın qiyməti, müvafiq olaraq, 6.870.000 (108.720 manat) və 7.030.000 (111.255 manat) yen təyin edilib. Z4 rodsteri isə bu üçlük arasında ən bahalı olanıdır: 7.400.000 (117.110 manat) yen.