BMW şirkətinin Cənubi Afrikadakı bölməsi bavariya markasının ilk qeyri-rəsmi M-modelini - 530 MLE (Motorsport Limited Edition) sedanını bərpa etmək niyyətindədir.Keçən əsrin 70-ci illərində BMW Motorsport belə avtomobillərin məhdud saylı partiyasını buraxıbdır. Bu partiya bavariya sedanının yerli yarış seriyasının tələblərinə uyğun olaraq omoloqasiyası üçün buraxılmışdır.

BMW 530 MLE  Cənubi Afrika bazarı üçün buraxılmış eksklyuziv modeldir. 1976-cı ildə Rosslindəki zavodun konveyerindən 110 ədəd Type 1 çıxıb. Bir il sonra isə, 117 ədəd 530 MLE Type 2 buraxılıb. Xüsusi 5-Series modelləri 200 at qüvvəsi və 277 Nm fırlanma anı hasil edən təkmilləşdirilmiş 3,0-litrlik altı silindrli mühərrik və beş pilləli mexaniki transmissiya ilə təchiz edilirdilər. BMW 530 MLE yerindən 100 km/saat həddinə 9,3 saniyəyə sürətlənirdilər. Avtomobilin maksimal sürəti 208 km/saat təşkil edirdi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

MLE versiyası adi 5-Series sedanlarından şüşə liflərindən hazırlanmış ön və arxa spoylerləri, alüminiumdan hazırlanmış kuzov panelləri, daha nazik şüşələri, iri stabilizatorları və sərt yayları ilə seçilirdi. Avtomobilin salonunda idman oturacaqları, üçmilli sükan çarxı və dəlikli pedallar quraşdırılmışdır.

Bərpa edilmək üçün nəzərdə tutulan avtomobili BMW South Africa bölməsinin əməkdaşları bir neçə il axtarıblar. Bir müddət bundan öncə, onlar 530 MLE modelinin 770100 şassi nömrəli 100-cü nüsxəsini satın alıblar. Onlar bərpa işləri üçün 70-ci illərdə orijinal avtomobilləri yığmış mütəxəssisləri cəlb etmək fikrindədirlər.