BMW şirkətinin Şimali Amerika bölməsi Bavariya markasının avtomobillərinin sahiblərinə mühüm bir funksiyanın - dönmə siqnallarının mövcud olduğunu xatırlatmaq qərarına gəlib. BMW şirkəti ABŞ-da 650.000 izləyicisi olan rəsmi Twitter hesabında qısa bir tviti yerləşdirilib: "Dönmə işıqlarınızdan istifadə edin" (“Use your blinkers”). Belə qənaətə gəlmək olar ki, alman istehsalçısı BMW avtomobillərinin sahiblərinin dönmə siqnallarından “qeyri-müntəzəm” istifadə etməsi ilə bağlı geniş yayılmış stereotipdən xəbərdardır və buna istehza ilə yanaşır.

Abunəçilər alman istehsalçısının yumor hissini yüksək qiymətləndiriblər və BMW şirkətinin sosial-media menecerlərinə qoşulmaq qərarına gəliblər. Belə ki, istifadəçilərdən biri “BMW sürdüyü üçün dönmə siqnallarına ehtiyac duymur” deyə cavab yazıb. Digəri isə, BMW avtomobilində ümumiyyətlə belə siqnalın olmasına təəccüblənib və bunun pullu opsiya olub-olmadığını soruşub. Başqa bir abunəçi isə, dönmə siqnallarının xarab olduğunu nümayiş etdirən videonu yükləyib və "mən cəhd etdim" cavabını yazıb.

Daha sonra markanın hesabında BMW sürücülərini tərifləyən və eyni zamanda firma təhlükəsizlik sistemlərinin reklamı olan başqa bir tvit peyda olub. “BMW sahiblərinin ən yaxşı sürücülər olduğunu bilirik, lakin yolda hər şey baş verə bilər... Buna görə də, ən qabaqcıl təhlükəsizlik və sürücüyə yardım sistemlərini yaradırıq”, - yazıda deyilir.

BMW ilk dəfə deyil ki, dönmə siqnallarına məhəl qoymayan sürücülər ilə bağlı istehzalı çıxış edir. 2021-ci ildə bir aprel zarafatı olaraq, BMW M GmbH bölməsi "istifadə olunmayan detallara avtomobillərimizdə yer yoxdur" ismarıcı ilə 2022-ci ildən dönmə siqnallarını avadanlıq siyahısından tamamilə çıxaracağını vəd etmişdi.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.