Gələcək Neue Klasse elektrik ailəsi BMW üçün yeni dövr açacaq. Keçən il alman şirkəti artıq BMW Vision Neue Klasse konsept sedanını nümayiş etdirib. Bununla belə, sedan konveyer xəttinə növbədə yalnız ikinci sıradadır. Yeni ailənin ilk nümayəndəsi isə, indiki BMW iX3 modelini əvəz edəcək krossover olacaq. Onun carçısı isə, BMW Vision Neue Klasse X konsepti olub.
Bir tərəfdən, krossover keçən ilki sedan ilə eyni lekallara uyğun olaraq hazırlanıb və onların ümumi cəhəti aşağı pəncərə xəttidir. Ancaq X-konseptinin firma “burun dəlikləri” tamamilə fərqli şəkildə ifadə olunub! Ölçülər və ümumi radiator barmaqlığına inteqrasiya ilə bağlı heç bir eksperiment aparılmayıb - əksinə, Neue Klasse X konseptinin köhnə BMW avtomobilləri kimi klassik "burun dəlikləri" var.
Konseptin ölçüləri açıqlanmayıb, lakin söhbət BMW iX3 modelinin varisindən getdiyi üçün, onun uzunluğu təqribən 4,7 metr olacaq.Yeni modelin aerodinamik müqavimət əmsalının təxminən 20% azalacağı bildirilir. Hofmeister əyrisi xrom örtmələrlə deyil, şüşə üzərindəki şəffaf stikerlərlə vurğulanır.
İki Neue Klasse konseptinin interyeri vahid üslubda tərtib edilib. Adi dekorasiya əvəzinə geniş şəkildə konfiqurasiya edilə bilən arxa işıqlandırma, ənənəvi cihazlar panelinin əvəzinə isə, ön şüşənin aşağı sektorunun bütün enini tutan BMW Panoramic Vision displeyi var. Onun üzərində əks etdirilən məlumatı media sisteminin mərkəzi sensorlu ekranında tənzimləmək olar. Səslə idarəetmə və sürücünün qarşısındakı əlavə 3D proyektoru var. Bütün bunlar iDrive sisteminin yeni nəslidir. Üzlük ekoloji cəhətdən təmiz Verdana materialından hazırlanır.
Bütün Neue Klasse modelləri 800 voltluq arxitekturaya malik olan növbəti altıncı nəsil eDrive elektrik texnologiyasını alacaqlar. Hazırkı BMW elektromobilləri (məsələn, iX3) ilə müqayisədə “Yeni Sinif” krossoverinin enerji səmərəliliyi 25%, yürüş mənzili və batareyanın doldurulma sürəti isə, 30% artacaq. Krossover dolu batareya ilə 600 kilometr məsafə qət edə bilər. Silindrik akkumulyator hüceyrələri (prizmatiklərin əvəzinə) istifadə ediləcək və batareyadakı enerji sıxlığı 20% daha yüksək olacaq.
Gələcək Neue Klasse modellərinin yeni elektron arxitekturası da təsvir edilib. Buraya dörd prosessor daxil olacaq ki, onların hesablama gücü indiki nəsil sistemlərdə olduğundan on dəfə çoxdur. Bir prosessor idarəetmə elektronikasına, ikincisi - avtopilota, daha ikisi isə, bort sistemlərinə cavabdehdir.
Neue Klasse elektrik krossoverinin istehsalına 2025-ci ilin ikinci yarısında başlanmalıdır. O, Macarıstanda tikilməkdə olan iFactory zavodunun konveyer xəttindən çıxan ilk model olacaq. Neue Klasse sedanı seriyaya 2026-cı ildə gedəcək və yeni plana əsasən, o, və o, 2027-ci ildən tamamilə elektromobillərin istehsalına keçməli olan Münhendəki əsas zavodda istehsal ediləcək. Onların ardınca, BMW şirkəti dörd fərqli Neue Klasse modelini buraxacağını bildirib.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.