İndiyədək kiçik BMW X1 krossoverinin M bölməsi tərəfindən yaradılmış “bərkgedən” versiyaları olmayıb. Belə şərəfə yalnız X2 krossoveri layiq görülüb - onun çeşidində güclü M35i xDrive modifikasiyası mövcuddur. Ancaq indi oxşar versiyaya yeni U11 nəslindən olan X1 krossoveri də sahib olub. Düzdür, M35i xDrive versiyası çeşiddəki ən güclü krossover deyil.

Xatırladaq ki, yeni BMW X1 çoxlu sayda modifikasiyada, o cümlədən elektrikləşdirilmiş versiyalarda debüt edib. Məsələn, çeşiddə 1,5-litrlik benzin “turboüçlüyü” və arxa oxda elektrik mühərriki olan X1 xDrive30e plagin hibridi var. Hibrid güc qurğusunun ümumi hasilatı 326 at qüvvəsi və 477 Nm təşkil edir.  Nəhayət, ümumi hasilatı 313 at qüvvəsi və 494 Nm fırlanma anı olan iki elektrik mühərriki ilə hərəkətə gələn BMW iX1 xDrive30 elektrik versiyası mövcuddur.

Yeni BMW X1 M35i xDrive modifikasiyası bu fonda güclü görünmür: o, 300 at qüvvəsi və 400 Nm (ABŞ bazarı üçün güc 317 at qüvvəsinə yüksəldilib) hasil edən təkmilləşdirilmiş 2,0-litrlik “turbodördlüyə” malikdir. Mühərrikin yeni giriş sistemi, gücləndirilmiş dirsəkli valı, təkmilləşdirilmiş yağlama, püskürtmə və alışdırma sistemləri var, özü də onun heç bir hibrid əlavəsi (hətta startyor-generator) yoxdur. Bununla belə, BMW X2 M35i xDrive modelində əvvəlki 2,0-litrlik turbomühərrik 306 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edir. 

X1 modeli iki muftalı yeddi pilləli “robot” ilə təchiz edilirsə, X2 modeli klassik səkkiz pilləli “avtomata” malikdir. Firma xDrive tam ötürməsi arxa oxu birləşdirən muftaya və ön differensialın mexaniki kilidinə (kilidləmə nisbəti - 26%) malikdir.

Ancaq təkrar doldurulan hibridin boş çəkisi 1935 kiloqram, elektromobilin isə 2085 kiloqramdırsa, yeni BMW X1 M35i xDrive versiyasının çəkisi 1740 kiloqrama bərabərdir. Beləliklə, güc və dinamika baxımından yeni versiya irəlidədir: ilk “yüzlüyə” sürətlənmə hibriddə - 5,7, elektromobildə isə 5,6 saniyəyə çəkirsə, M35i xDrive bu işə 5,4 saniyə sərf edir (X2 modeli - 4,9 saniyə). Maksimum sürət isə, müvafiq olaraq, 205 və 180 km/saat əvəzinə 250 km/saat təşkil edir. Əlbəttə ki, M-versiyası daha çox sürücüyə ünvanlanıb.

Asqı - adaptiv amortizatorlara və 15 millimetr azaldılmış klirensə malikdir, adaptiv sükan mexanizmi standartdır. Ön əyləclər sabit supportlara, dörd porşenli mexanizmlərə və 385 millimetrlik disklərə, arxa əyləclər isə, sadə tək porşenli mexanizmlərə və 330 millimetrlik disklərə malikdirlər. Kompozit əyləclər əlavə ödəniş qarşılığında quraşdırılır. Təkər disklərinin diametri 19 və ya 20 düym ola bilər.

Zahiri cəhətdən, M35i versiyası M kuzov dəsti olan daha kiçik modifikasiyalardan yalnız təfərrüatları ilə fərqlənir: bamperdəki kəsiklər bir qədər fərqlidir, beşinci qapıdakı spoylerin relyefi başqa formadadır və sairə. Beləliklə, top versiyanın ən bariz əlaməti arxa tərəfdə dörd çıxış borusu olan buraxılış sistemidir.

İnteryerdə idman dekoru var, lakin əlavə ödəniş müqabilində inteqrasiya edilmiş başlıqları və işıqlandırılan loqotipləri olan M-kreslolarını da quraşdırmaq mümkündür. Üstəlik, M35i xDrive həm də yeni BMW OS9 əməliyyat sistemini alan ilk avtomobillərdən biridir - bu sistem daha sonra digər modellərdə də quraşdırılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW X1 M35i xDrive krossoverinin payızda satışa çıxarılacağı gözlənilir. Qiymət hələlik açıqlanmayıb, lakin onun X1 xDrive30e hibridindən (Almaniyada 51 600 avrodan başlayan) və iX1 xDrive30 elektromobilindən (55 000 avrodan) baha olacağı aydındır. BMW X2 M35i modeli indi ən azı 60 500 avroya başa gəlir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.