BMW şirkəti yenilənmiş X1 krossoverini təqdim edib. Yenilənmiş krossover daha böyük hava girişlərinə və yenilənmiş duman əleyhinə fənərləri olan ön bamperə sahib olub. Son tendensiyaya uyğun olaraq, yenilənmiş BMW X1 iri ölçülü radiator barmaqlığı ilə təchiz edilib.
Avtomobilin arxa hissəsində də yeniliklər var: burada yenilənmiş arxa fənərləri və dizaynına yenidən baxılmış arxa bamperi görmək olar. Bundan başqa, buraxılış sisteminin iri çıxış boruları (90 millimetrlik) da diqqəti çəkir. Yenilənmiş BMW X1 modelinin rəng çeşidi yeni boyalarla (açıq-qəhvəyi Jucaro Beige, mavi Misano Blue (M Sport versiyası üçün) və eksklyuziv Storm Bay) zənginləşdirilib. Əlavə olaraq, alman istehsalçısı yığcam krossover üçün dörd yeni təkər diski təklif edir. Avtomobilin salonunda baş vermiş dəyişikliklər isə cüzi xarakter daşıyır. Krossover ötürmələr qutusunun yeni dəstəyinə və 6,5-düymlük displeyi olan multimedia kompleksinə sahib olub. Opsional olaraq, 8,8 və ya 10,25-düymlük displeyi də sifariş etmək olar.
Yenilənmiş X1 modeli EU6d / EU6d-temp ekoloji standartlarına cavab verən üç və dörd silindrli mühərriklər ilə satılmağa başlayacaqdır. Bundan başqa, modelin mühərrik çeşidinə qoşulan hibrid güc aqreqatı da daxil edilib. BMW X1 xDrive25e modifikasiyası ön oxu hərəkətə gətirən, 125 at qüvvəsi və 220 Nm fırlanma anına malik olan TwinTurbo mühərriki ilə təchiz ediləcəkdir. 95 at qüvvəsi və 165 Nm fırlanma anı hasil edən elektrik mühərriki isə arxa oxu hərəkətə gətirir. 9,7 kiovat-saatlıq batareya elektrik ötürməsi ilə 50 kilometr məsafə qət etməyə imkan verir. Hibrid krossover qarışıq rejimdə 100 kilometrə iki litr işlədəcəkdir.
Dizel mühərrikləri 116 at qüvvəsi və 270 Nm hasil edən 1,5-litrlik (sDrive16d), həmçinin 231 at qüvvəsi və 450 Nm fırlanma anına malik olan 2,0-litrlik (xDrive25d) aqreqatlarla təmsil olunurlar. Benzin mühərrikinə üstünlük verənlər isə 231 at qüvvəsi və 350 Nm fırlanma anına malik olan BMW X1 xDrive25i modifikasiyasını seçə bilərlər. Transmissiyalar - 6-pilləli mexaniki qutu, 7-pilləli "robot" (xDrive16d üçün) və səkkiz pilləli Steptronic "avtomatı"dır.