Bu günlərdə internet şəbəkəsində yeni BMW X2 krossoverinin patent təsvirləri peyda olub. Niderlandın Autoblog portalının məlumatına görə, avtomobilin təsvirləri Yaponiyanın patent bürosunda qeydiyyatdan keçrilmişdir.
Əgər bu təsvirlərə nəzər salsaq, seriya avtomobilinin keçən il təqdim edilmiş konseptual krossoverdən bir qədər fərqləndiyini müşahidə etmək olar. Ümumilikdə konseptdə nümayiş etdirilmiş dizayn qorunsa da, seriya modeli bir qədər başqa formalı işıq texnikası və aerodinamik kuzov dəsti, həmçinin qapı dəstəklərinin və ənənəvi güzgülərin mövcudluğu ilə seçilir.
Əvəllər də qeyd edildiyi kimi, BMW X2 krossoveri öndənçəkişli UKL modul platformasında istehsal ediləcək ikinci krossover olacaqdır. Hazırda bu platformada X1 və 2-Series Active Tourer kompaktveni istehsal edilir. Çox güman ki, yeni krossover həm mono, həm də tam çəkiş sistemi ilə təklif ediləcəkdir. Sonradan modelin 300 at qüvvəli mühərriklə hərəkətə gələn «qaynar» M Performance modifikasiyası da işıq üzü görə bilər.
Krossoverin satışlarına 2018-ci ildə başlanacaqdır. Avtomobilin kütləvi təqdimat mərasiminin Frankfurt avtosalonunda keçiriləcəyi ehtimal olunur.