BMW X2 krossoverinin 2017-ci ilin payızında keçirilmiş təqdimatı zamanı, üç eksteryer tərtibatı variantı nümyaiş etdirilmişdi: standart, M Sport və M Sport X. Zahiri cəhətdən, bu variantlar bir-birlərindən əsasən kuzov dəsti, kandar əlavələri və təkər disklərinin dizaynı ilə fərqləndilər. Bu günlərdə isə, alman istehsalçısı X2 M Mesh Edition adlı dördüncü variant nümayiş etdirib.
Texniki hissəyə müdaxilə olmadığndan, bu paket altı "mülki" mühərrikdən biri ilə təchiz edilən istənilən versiya, habelə hibrid güc qurğusu ilə təklif edilən modifikasiya üçün sifariş edilə bilər.
Zahiri cəhətdən X2 M Mesh Edition modelini xüsusi kuzov rəngi, parlaq qara rəngli radiator barmaqlığının torşəkilli naxışı, eyni rəngə malik olan pəncərə haşiyələri və beşinci qapıdakı loqo, yüngülcə dəyişdirilmiş M Sport X ön bamperi, səsboğucu sistemin çıxış borularının tünd ucluqları, təkər tağlarının əlavələri və kandarları, habelə ikirəngli 19-düymlük təkər diskləri sayəsində tanımaq olar. 20-düymlük disklər - opsiyadır.
İnteryerdəki dəyişikliklər boz tikişli idman oturacaqları, “Edition” yazısı olan kandar lövhələri, alüminium dekoru və qara rəngli tavan örtüyündən ibarətdir. Matrisa LED fənərlər və panoram dam opsiyalar siyahısına daxil edilib.
Bir neçə Avropa ölkəsində yeni BMW X2 M Mesh Edition modelinə sifarişlər artıq qəbul olunur. Almaniyada avtomobilin qiyməti 41.700 avrodan başlayır. Müqayisə üçün: BMW X2 modelinin baza versiyasının qiyməti 34.450 avrodur. İlk krossoverlər müştərilərə mart ayında təhvil veriləcəkdirlər.