BMW X2 krossoveri demək olar ki, altı il əvvəl debüt edib və konveyerdə olduğu müddətdə heç vaxt planlaşdırılmış restaylinqdən keçməyib. İndiyədək o, BMW model xəttindəki ən yaşlı modellərdən biri olaraq qalır. Hətta, onun multimedia sistemi də 2017-ci ildən bəri heç vaxt yenilənməyib. Dünya üzrə təxminən 380 min F39 nəslindən olan X2 krossoveri satılıb. Ancaq indi U10 zavod nişanlamasını almış və eyni zamanda iX2 elektrik versiyasına sahib olan ikinci nəsil BMW X2 modeli hazırdır.

X2, əvvəlki kimi keçən il nəsil dəyişdirən BMW X1 krossoverinin texniki qohumudur, lakin onun form-faktoru indi başqadır. BMW X2 kupeşəkilli krossoverə çevrilib - bir növ onu "kiçik X4" adlandırmaq olar. Ancaq yeniliyin ölçülərinə baxsaq, onu "kiçik" adlandırmaq çətindir. İlk BMW X2 ilə müqayisədə yeni krossover 194 millimetr uzun (4554 millimetr), 21 millimetr enli (1845 millimetr) və 64 millimetr hündür (1590 millimetr) olub. Təkər bazası isə 22 millimetr artaraq 2692 millimetrə çatıb.

Baqaj bölməsinin həcmi modifikasiyadan asılıdır və 515-560 litr arasında dəyişir. Xatırladaq ki, krossoverin birinci nəslində bu göstərici 470 litr idi. Klirensin ölçüsü də versiyadan asılıdır: BMW iX2 elektrokarının klirensi 167 millimetrdir, daxiliyanma mühərrikləri olan versiyaların klirensi isə 191-207 millimetr arasında dəyişir. Aerodinamik müqavimətin ən aşağı əmsalı yenə elektromobilə məxsusdur - 0,25-dir. Digər versiyalarda bu göstərici 0.27-yə bərabərdir.

İlk baxışdan elə görünə bilər ki, ön tərəfin dizaynı baxımından X2 qardaşı X1 ilə tamamilə eynidir, lakin yaxından araşdırdıqda bunun heç də belə olmadığını görmək olar. Krossoverlərin optikası, bamperləri, radiator barmaqlığının və kapotun forması bir qədər fərqlidir. BMW X2 modelinin burun dəlikləri daha genişdir, fənərlərdə isə bölmələr arasında əlavə pillə var. Profildə alçaq meylli dam iri arxa qanad ilə dissonans təşkil edir və nəticədə avtomobilin silueti biçimsiz olub. Arxa işıq texnikası BMW çeşidindəki digər optikalardan fərqlidir.

Yeniliyin interyer X1 modelindən heç nə ilə fərqlənmir. 10,25-düymlük cihazlar panelinin və ən yeni BMW OS 9.0 əməliyyat sisteminə malik olan multimedia kompleksinin 10,7-düymlük əyri displeyləri günəşliyi olmayan vahid paneldə birləşiblər. Transmissiyanın miniatür selektoru (artıq mexaniki transmissiya olmayacaq), qəza işıqlarının və dayanacaq əyləcinin düymələri konsol bərkitməli mərkəzi dirsəkaltında yerləşir. Ənənəvi mərkəzi konsolun yerində qadcetlər üçün böyük bir bölüm var. Ön paneldəki monitorun altında böyük hava deflektoru quraşdırılıb, sağda və bir qədər yuxarıda sərnişinlər üçün iki enli deflektor var.

Debüt zamanı BMW X2 modelinin beş modifikasiyada təklif ediləcəyi bildirilib və bu dəst özünəməxsusdur. X2 sDrive20i benzin versiyası 48 voltluq startyor-generatoru olan B38 ailəsinin 1,5-litrlik üçsilindrli turbomühərriki ilə təchiz edilir. Bu yumşaq hibrid 170 at qüvvəsinə və 280 Nm fırlanma anına malikdir. Əvvəllər, 1,5-litrlik benzin “turboüçlüyü” olan BMW modelləri 18i indeksini daşıyırdılar, 20i işarələnməsi isə, 2,0-litrlik dördsilindrli mühərrikləri olan versiyaların imtiyazı idi. Baza krossoveri ön ötürməlidir.

BMW X2 sDrive18d versiyası elektrik üstqurumu olmayan 2,0-litrlik dördsilindrli B47 biturbodizel təchiz olunub. Dizelin hasilatı 150 at qüvvəsi və 350 Nm təşkil edir. Ötürmə yalnız ön oxadır. ABŞ bazarı üçün 2,0-litrlik benzin turbomühərriki (244 at qüvvəsi, 400 Nm) və arxa oxda muftası olan tam ötürmə sistemi ilə təchiz edilən xDrive28i versiyası da bəyan edilib. Daxili yanma mühərrikli çeşidin  zirvəsində "isidilmiş" BMW X2 M35i xDrive versiyası qərarlaşıb. 

Əlbəttə ki, burada 3,5-litrlik mühərrikdən söhbət gedə bilməz. Kapotun altında startyor-generatoru olmayan eyni 2,0-litrlik B48 “turbodördlüyü” durur. Avropa spesifikasiyasında "isidilmiş" krossoverin maksimal gücü 300 at qüvvəsinə, bəzi digər bazarlarda, o cümlədən ABŞ-da 317 at qüvvəsinə bərabər olacaq. Fırlanma anı - 400 Nm-dir. Bütün versiyalarda iki muftalı yeddi pilləli “robot” quraşdırılır.

BMW iX2 xDrive30 elektrik versiyasını xüsusi ilə qeyd etmək lazımdir. 64,7 kilovat/saatlıq dartma batareyasına malik olan tamötürməli elektromobilin ikimühərrikli güc qurğusunun ümumi hasilatı 313 at qüvvəsinə  və 494 Nm-ə bərabərdir. WLTP dövrü üzrə maksimal yürüş məsafəsi 493 kilometrdir. Bütün X2 modellərininin ön tərəfində McPherson dayaqları, arxa tərəfində isə, üçqollu asqı quraşdırılıb. Əlavə ödəniş müqabilində klirensi 15 millimetr azaldılmış adaptiv asqı (M35i versiyası üçün standartdır) da mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni X2 krossoveri 2024-cü ilin martında satışa çıxmalıdır. BMW şirkətindən 2024-cü ilin yayından mühərrik çeşidinin daha bir dizel və elektrik güc qurğusu ilə tamamlanacağı bildirilib. Qiymətlər satışın başlanmasına yaxın elan ediləcək. Xatırladaq ki, qohum X1 modelinin qiyməti X1 sDrive18i baza versiyası üçün 42 800 avrodan, iX1 xDrive30 elektrokarı üçün 55 000 avrodan və “isidilmiş” X1 M35i xDrive üçün isə 62 300 avrodan başlayır. Kupeşəkilli X2 modeli bir neçə min avro baha olmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.