Bu gün Motor.es saytı yeni BMW X2 modelinin mühərrik çeşidi barədə məlumat yayıb. Saytın iddia etdiyinə görə krossover dörd dizel və dörd benzin mühərriki ilə təklif ediləcəkdir.
Yeni krossoverin dizel mühərrikərinin siyahısını 116 at qüvvəli 1,6-litrlik mühərrik (BMW X2 sDrive 16d) açır. Bundan başqa, krossover 150. 192 və 231 at qüvvəli dizel mühərrikləri ilə təklif ediləcəkdir. Benzin mühərriklər 140, 192, 231 və 300 at qüvvəli mühərriklərlə təmsil ediləcəkdir. Sonuncu mühərrik krossoverin top variantı olan X2 M35i xDrive modelinin kapotu altında yerləşdiriləcəkdir.
Bir müddət bundan öncə, internet şəbəkəsində yeni BMW X2 krossoverinin patent təsvirləri peyda olmuşdu. Niderlandın Autoblog portalının məlumatına görə, avtomobilin təsvirləri Yaponiyanın patent bürosunda qeydiyyatdan keçrilmişdir. BMW X2 krossoveri öndənçəkişli UKL modul platformasında istehsal ediləcək ikinci krossover olacaqdır. Hazırda bu platformada X1 və 2-Series Active Tourer kompaktveni istehsal edilir. Çox güman ki, yeni krossover həm mono, həm də tam çəkiş sistemi ilə təklif ediləcəkdir.
Krossoverin satışlarına 2018-ci ildə başlanacaqdır. Avtomobilin kütləvi təqdimat mərasiminin Frankfurt avtosalonunda keçiriləcəyi ehtimal olunur.