Bu gün BMW şirkəti X3 və X4 modellərinin “bərkgedən” M-variantlarını və onların Competition indeksli modfikasiyalarını təqdim edib. Krossoverlər M3/M4 modellərindən tanış ola 3,0-litrlik altısilindrli biturbo mühərrikin təkmilləşdirilmiş variantına sahib olublar.
Təkmilləşdirilmiş mühərrikin birbaşa çiləmə sisteminin təzyiqi 200 bardan 350 bara qədər artırılmış, həmçinin yeni soyutma və yağlama sistemləri tətbiq edilmişdir. Bundan başqa, mühərrikin ekoloji təmizliyinə ciddi diqqət yetirilib: artıq güc aqreqatı iki sərt hissəçiklər filtrinə və dörd katalitik neytrallaşdırıcıya malikdir. Yenilənmiş mühərrikin daha bir maraqlı cəhəti 3D printerində çap edilmiş blok başlığıdır. Yeni texnologiya bu detalı daha yüngül etməyə və soyutma sisteminin kanallarını optimallaşdırmağa imkan verib.
Beləliklə, təkmilləşdirilmiş güc aqreqatı 480 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir. Competition variantında mühərrikin gücü 510 at qüvvəsinə qədər artırılsa da, аırlanma anı əvvəlki səviyyədə qalıb: lakin, fırlanma anının diapazonu genişlənib – 2600 – 5950 dövr/dəq. Güc aqreqatı səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Tam çəkiş sistemi spesifik tənzimləmələrə malik olsa da, M5 modelində olduğu kimi arxa çəkiş rejimindən məhrumdur. Bu rejimin əvəzinə əsas üstünlüyü arxa oxa yönləndirən M xDrive 4WD Sport rejimi təklif edilir. Aktiv M-differensialı da mövcuddur.
BMW X3 M və X4 M modelləri 100 km/saat həddinə 4,2 saniyəyə sürətlənirlər. “Bərkgedən” krossoverlərin Competition modifikasiyaları isə, bu işə 4,1 saniyə sərf edirlər. Krossoverlərin maksimal sürəti ənənəvi olaraq elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılır. M Driver’s Package dəstinin sifariş edilməsi halında bu həddi 280 km/saata (285 km/saat – Competition) çəkmək mümkündür. Müqayisə üçün, rəqib Mercedes-Benz GLC 63 ilk “yüzlüyə” 4,0 saniyəyə, GLC 63 S isə 3,8 saniyəyə sürətlənir.
X3 M/X4 M modelləri orijinal qolları olan təkmilləşdirilmiş asqı sistemi, stabilizatorlar və rezin-metal birləşmələr ilə təchiz edilirlər. Avtomobillərin standart təchizatına adaptiv amortizatorlar və dəyişən ötürmə əmsalı olan sükan mexanizmi daxil edilib. Krossoverlər öndə dördporşenli, arxada isə təkporşenli əyləc mexanizmləri ilə təchiz edilirlər. Ən maraqlısı odur ki, X3 M və X4 M üçün karbon-saxsı əyləc mexanizmləri təklif edilmir.
M-krossoverlərin kuzovu da ciddi şəkildə təkmilləşdirilib: öndə dayaqları birləşdirən tir də daxil olmaqla əlavə gücləndiricilər quraşdırılıb. Avqust ayından başlayaraq, bu detalın karbondan hazırlanmış yüngülləşdirilmiş variantını da sifariş etmək olacaqdır. Bundan başqa, ön bamperdəki hava girişlərinin sahəsi genişləndirilmiş, beşinci qapının yuxarı ucunda spoyler quraşdırılmışdır. Disklər 20 və ya 21 düymlük ola bilər. Sonradan M Performance Parts kataloqundan olan M Carbon dəstini də sifariş etmək mümkün olacaqdır.
Avtomobillərin salonunda idman oturacaqları, ötürmələr qutusunun yeni coystiki, həmçinin qırmızı M1 və M2 düymələri olan M-sükan quraşdırılır. Competition variantı isə dekoru və salonun daha bahalı tərtibatı ilə seçilir.
M-krossoverləri yaz aylarından başlayaraq sifariş etmək olar. Modellərin satışlarına sentyabrda başlanacaqdır. Almaniyada X3M üçün minimum 84900, X4M üçün isə, 95600 avro tələb olunur.