BMW X3 modelinin növbəti nəslinin təqdimatı 2017-ci ilin avqustunda baş tutacaqdır. Yeni krossoverin kütləvi nümayişi isə, payızda işinə başlayacaq növbəti Frankfurt avtosalonunda keçiriləcəkdir. Bu barədə şirkət daxilindəki mənbələrinə istinad edən BMW Blog saytı xəbər vermişdir.
2018-ci ildə satışlarına başlanacaq X3 krossoverinin növbəti nəsli Bavariya markasının yeni arxadan çəkişli modul platformasında istehsal edilən ilk krossoveri olacaqdır. Modul platformasının tətbiqi görünüşü yaxşılaşdırmağa, salonda olan məkanı genişləndirməyə və sükan idarəetməsini təkmilləşdirməyə imkan yaradacaqdır. Bundan əlavə, yeni krossover sələfində 100 kiloqram yüngül olacaqdır.
Yeni X3 modelinin mühərrik çeşidinə yeni 2,0-litrlik dörd silindrli dizel mühərrikləri, həmçinin sıralı altı silindrli benzin və dizel mühərrikləri daxil olacaqdır. Krossoverin X3 M40i və X3 M «qaynar» variantları M3 və M4 modellərindən tanış olan 3,0-litrlik altı silindirli TwinPower Turbo mühərriki ilə təchiz ediləcəkdirlər. Birinci halda mühərrikin gücü 360 at qüvvəsi, ikinci halda isə 422 at qüvvəsi təşkil edəcəkdir.
Bundan başqa, krossoverin, batareyaları məişət elektrik şəbəkəsindən doldurula bilən hibrid güc aqreqatı ilə də təchiz ediləcəyi bildirilir. Hibrid qurğunun tərkibinə 245 at qüvvəli 2,0-litrlik benzin mühərriki və 95 at qüvvəli elektromotor daxil olacaqdır. Hibrid qurğunun ümumi gücü 300 at qüvvəsinin üzərində olacaqdır. Sırf elektrik mühərrikindən istifadə etməklə krossover 50 kilometr məsafə qət edə bilər. 2020-ci ilin sonunda növbəti X3 modelinin tam elektrik variantı təqdim ediləcəkdir. Krossover markanın «i» eko-ailəsinə daxil olmayan dördüncü elektromobili olacaqdır. Elektrik X3 modelindən başqa 3-Series , X4 kupe-krossoverinin və Mini hetçbekinin «yaşıl» variantlarının buraxılışına şirkət rəhbərliyi tərəfindən razılıq verilmişdir.