BMW şirkəti Britaniyanın Surrey NanoSystem firması ilə birlikdə Frankfurt avtosalonunda X6 Vantablack VBx2 modelini nümayiş etdirəcəkdirlər. Söhbət düşən işıq şüasının 99,9 faizini udan xüsusi boya ilə rənglənmiş krossoverdən gedir.
Vantablack sözü “vertically aligned nanotube arrays+black (“şaquli istiqamətləndirilmiş nanoborular massivi+qara”) kimi açıqlanır. Bu boya dünyada olan ən qara rənglərdən biridir və alüminium folqada "bitən", uzunluğu 14-50 mikrometr arasında, diametri isə, 20 nanometr olan karbon nanoborularından ibarətdir. Nanoborular onların üzərinə düşən şüaların 99,965 faizini udur və boyanın vurulduğu obyektin üçölçülü xüsusiyyətini itirdiyi təəssüratı yaranır.
Avtomobillər arasında Vantablack rənginə boyanan ilk avtomobil BMW X6 olub. Əvvəllər bu rəngdən yalnız aviasiyada istifadə olunub. Surrey NanoSystem artıq bu boyanı açıq satışa buraxıb. Vantablack boyasının 20 millilitrlik qutusu 50 dollara satılır.