BMW X7 krossoverinin seriya variantının “bərkgedən” M Performance modifikasiyası olacaqdır. “Autocar” nəşrinin bildirdiyinə görə, bu modifikasiyanın əsas satış bazarları Rusiya, Çin və Amerika Birləşmiş Ştatları olacaqdır. Dərginin əldə etdiyi daha bir məlumata əsasən yeni krossover noyabr ayında keçiriləcək Los-Angeles avtosalonunda debüt edəcəkdir.
“Bərkgedən” krossover haqqında təfsilatlı məlumat verilməyib. Yeni modelin X7 xDriveM60i adlandırılacağı güman olunur. Xatırladaq ki, BMW şirkətinin bayraqdar modeli olan 7-Series sedanının M Performance modifikasiyası 610 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 6,6-litrlik V12 mühərriki ilə təchiz edilir.
Xatırladaq ki, X7 modelinin carçısı olan Concept X7 iPerformance konsepti keçən ilki Frankfurt avtosalonunda nümayiş etdirilmişdi. Konsept hibrid güc qurğusu, 23-düymlük təkər diskləri, lazer fənərləri, iri panoram tavan, 12,3 düymlük rəqəmsal cihazlar paneli və sensorlu ekranı olan multimedia sistemi ilə təchiz edilmişdir.