BMW markasının bayraqdar krossoveri olan X7 modelinin təqdimatının iki il əvvəl baş tutmasına baxmayaraq, seriya avtomobilləri yalnız 2019-cu ildə əsas bazarlara çatdırılıb. Bununla belə, alman istehsalçısı krossoverin yenilənmiş versiyası üzərində çalışmalara start verib.
Buna, bu günlərdə casuslara rast gəlmiş yenilənmiş bayraqdarın kamuflyajlı prototipləri dəlalət edir. Avropanın ümumi yollarında sınaqları keçirilən krossoverlərin kuzovundakı kamuflyaj örtüyünün sahəsinin kiçik olması, yenilənmələrin yalnız avtomobilin ön və arxa hissəsində olacağına işarə edir.
Casus şəkillərindən göründüyü kimi, X7 modelinin arxa hissəsinin dizaynı elə də ciddi dəyişikliklərə məruz qalmayacaqdır. Bununla belə, ön tərəfdəki qeyri-adi formalı fənərlər, bizə ciddi dəyişikliklərdən xəbər verir.
Standart fənərlərin yerinə, müvəqqəti blokların quraşdırılması testlər zamanı istifadə edilən fəndlərdən biridir, lakin onların yeri bir qədər təəccüb doğurur: fənərlər cari X7 krossoverində olduğundan çox aşağıda quraşdırılmışdır. Yeri gəlmişkən, BMW X8 krossoverinin kamuflyajlı prototipində və gələcək 7 Series sedanında da ön fənərlər bənzər tərtibata malikdirlər.
Belə bir həllin sonradan digər BMW modellərində tətbiq ediləcəyi də istisna olunmur. Böyük ehtimalla, yenilənmiş BMW X7 modeli təkmilləşdirilmiş multimedia sistemini əldə edəcək və təkrar doldurulan hibrid modifikasiyaya sahib olacaqdır. Yenilənmiş krossoverin rəsmi debütü 2021-ci ildə baş tutmalıdır.