Bu günlərdə avtomobil cəsusları BMW şirkətinin ən iri krossoveri olacaq modelin ilk prototipinin görüntülərini çəkmişdirlər. Çox güman ki, güclü kamuflyajın altında gizlənən krossover X7 adını alacaq avtomobildir. Avtomobil cəsusları prototipə Almaniya yollarında rast gəldiklərini bildirmişdirlər.
Cəsus fotoşəkillərə baxdıqda iri seriya krossoverinin kuzovunun cizgilərini görmək mümkündür. Xatırladaq ki, krossoverin ilk tizeri BMW şirkətinin fəaliyyətinin nəticələrinə və gələcək planlarına həsr edilmiş illik mətbuat konfransında nümayiş etdirilmişdir. O zaman Automotive News nəşrinə müsahibə verən BMW şirkətinin marketinq və satışlar bölümünün rəhbəri Yen Robertson, krossoverin yeddi yerlik adi variantından savayı, dörd sərnişin üçün nəzərdə tutulmuş dəbdəbəli variantının da buraxılacağını təsdiq etmişdir. Onun bildirdiyinə görə, BMW X7 modelinin ən bahalı vatianrının satış qiyməti 100 min ABŞ dollarından yuxarı olacaq, lakin, 200 min dollar həddini aşmayacaqdır.
Robertsonun sözlərinə görə, avtomobilin istehsal ediləcəyi müddət ərzində onun dəbdəbəli variantının ümumi istehsalda payı bir faizdən çox olmayacaqdır. Güman edilir ki, BMW X7 modelinin lüyks variantı təqdim edilməsi ehtimal edilən Mercedes-Maybach GLS-Class krossoverinin rəqibi olacaqdır. Lakin, Bavariya şirkətinin nümayəndəsi BMW-nin buna ehtiyac olmadığını və dəbdəbəli seqmentdə onlara məxsusı Rolls-Royce markasının olduğunu bildirmişdir. Yen Robertson həmçinin, X7 modelinin istehsalında Rolls-Royce markasının ilk krossoveri olan Gullinnan üçün hazırladığı alüminium platformasından istifadə edilməyəcəyini açıqlamışdır.