BMW şirkəti XM hibrid krossoverinin seriya versiyasının təqdimatına hazırlaşır və yeni model barədə detalları tədricən açıqlayır. Əvvəlcə XM modelinin tərkibinə V8 benzin turbomühərriki və elektrik mühərriki daxil olan 750 at qüvvəli hibrid güc qurğusunu alacağı nəzərdə tutulurdu. İndi isə, krossoverin o qədər də güclü olmayacağı məlum olub. Hibrid qurğunun hasilatı 650 at qüvvəsi olacaqdır. Üstəlik, BMW M bölməsinin nümayəndəsi Martin Şleypen modelin Competition versiyasının olmayacağını təsdiqləyib.

İstehsala hazır olan XM modelinin debütü mayın 24-də, BMW M GmbH bölməsinin 50 illik yubileyini qeyd etdiyi gün gözlənilir. Markanın ilk M-hibridinin təqdimatı öncəsi, şirkət modelin sınaqları zamanı çəkilmiş bir neçə şəkili dərc edib, həmçinin bəzi texniki detalları paylaşıb.

Yenilik üçün Adaptive M Professional asqısı, aktiv stabilizatorlar (BMW M modeli üçün ilk dəfədir) və tam idarəolunan şassi (arxa təkərlər 2,5 dərəcə dönürlər) bəyan edilir.

Hibrid qurğunun tərkibinə elektrik mühərriki ilə işləməyə uyğunlaşdırılmış yeni 4,4-litrlik səkkizsilindrli S68 biturbo mühərriki daxil olacaqdır. Onların ümumi hasilatı 650 at gücü və 800 Nm fırlanma anı təşkil edəcəkdir. Yəni, XM krossoverinin seriya versiyası keçən ilin noyabrında təqdim edilən prototipdən (750 at qüvvəsi) bir qədər zəif, lakin yenə də X5 M Competition və X6 M Competition modellərindən (625 at qüvvəsi və 750 Nm fırlanma anı) güclü olacaqdır.

Competition versiyasına gəlincə, hibrid üçün belə versiya əlçatan olmayacaqdır. Lakin bu, krossoverin "bərkgedən" versiyasının olmayacağına dəlalət etmir - belə versiya fərqli ad altında təklif ediləcəkdir.

Image alt Image alt Image alt Image alt

Dinamikaya dair ilkin məlumatlar da var. Bavariya brendinin ən ağır avtomobili olacaq BMW XM modeli yerindən 100 km/saat həddini təxminən 3,5 saniyəyə yığa biləcək və dolu batareya ilə WLTP dövrünə əsasən təxminən 80 kilometr məsafə qət edəcəkdir.

XM modelinin istehsalına 2022-ci ilin sonunda Cənubi Karolina ştatının Spartanburq şəhərindəki BMW zavodunda başlanacaqdır. Yeni modelin satışlarına 2023-cü ilin yazında start veriləcəkdir. Qeyri-rəsmi məlumata görə, XM hibridinin qiyməti 130 min dollardan başlayacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.