BMW şirkəti Label Red tərtibatında olan yeni XM krossoverinin ilk şəklini dərc edib. Label Red versiyası modifikasiya edilmiş hibrid güc qurğusunu alacaq və bazarda olan ən güclü qeyri-elektrik seriya krossoveri olacaqdır. Bavariya markasının bayraqdar modelinin istehsalına gələn il start veriləcəkdir.

BMW XM Label Red modeli radiator barmaqlığı, yan şüşələnmə, qapı və təkər disklərdəki qırmızı aksentlər ilə seçilir. Bununla belə, alman istehsalçısı interyerin şəkillərini dərc etməyib. Salonda da eyni rəng sxemindən istifadə ediləcəyi gözlənilir.

XM modelinin hibrid güc qurğusunun tərkibinə 4,4-litrlik V8 biturbo mühərriki, 8-pilləli “avtomat” və 196 at qüvvəli elektrik mühərriki daxildir. Hibrid sistemin ümumi hasilatı 652 at qüvvəsi və 800 Nm fırlanma anı təşkil edir. Label Red modifikasiyasının güc qurğusunun hasilatı 745 at qüvvəsi və 997 Nm fırlanma anına qədər artırılıb. Ən güclü seriya krossoverinin 100 km/saat həddinə təqribən üç saniyəyə sürətlənəcəyi gözlənilir.

ABŞ-da XM modelinin baza versiyasının qiyməti 159 min dollardan başlayır. Label Red versiyası isə, 185 min dollardan başlayan qiymətlərlə satılacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.