BMW şirkəti yeni nəsil 1 Series hetçbekinin yeni şəkillərini dərc edib. Təsvirlərdəki avtomobil kamuflyaj örtüyündən qismən azad edilib. Bundan başqa, şəkillərdə avtomobilin eksteryeri və rəqəmsal cihazlar paneli də görüntülənib. Yeni hetçbekin təqdimatı bir neçə gündən sonra baş tutmalıdır.
Yeni BMW 1 Series hetçbeki öndənçəkişli FAAR platformasında inşa edilib. Arxitekturanın dəyişməsi hetçbekin salonunu daha geniş etməyə imkan verib. Sələfi ilə eyni xarici ölçülərə malik olan avtomobilin salonunda arxa sərnişinlərin diz zonasındakı məkan 33 millimetr, baş üzərindəki isə, 19 millimetr artırılıb. Baqaj bölümünün həcmi də 20 litr artaraq 380 litrə bərabər olub.
Dönmə çatışmamazlığı ilə mübarizədə BMW i3s modelindən alınmış ARB dartmaya nəzarət sistemi yardım edəcəkdir. Mühərrikin idarəetmə blokunda quraşdırılmış kontroller təkərlərin yol səthi ilə ilişməni itirməsini 10 dəfə yeyin aşkar edərək, fırlanma anının verilməsinə daha dəqiq nəzarəti həyata keçirir. ARB sistemi DSC stabilizasiya sistemi və Performance Control dartma vektoruna nəzarət sistemi ilə tandemdə çalışır.
M140i modelində quraşdırılan 3,0-litrlik altı silindrli mühərrik bundan sonra təklif edilməyəcəkdir. Onu X2 M35i modelindən tanış olan, 306 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli mühərrik əvəzləyəcəkdir. Şayiələrə görə, BMW 1 Series modelinin top variantı - M145i modifikasiyası, - giriş kollektoruna su çilənməsi funksiyasına malik olan “turbodördlüyə” və 82 at qüvvəli elektromotora sahib olacaqdır. Hibrid qurğunun ümumi hasilatı 400 at qüvvəsi olmalıdır.