Yeni nəsil BMW 7 Series sedanının çoxdan gözlənilən təqdimatı keçirilib. Məlum olduğu kimi, yeni model Pekin avtosalonunda debüt etməli idi, lakin Çində tüğyan edən növbəti koronavirus epidemiyası səbəbindən sərgi ləğv edilib. Nəticədə təqdimat yalnız Münhen və Nyu Yorkda keçirirlib.

Alman istehsalçısı yeni flaqman sedanının şəkil və videolarını dərc edib, habelə texniki təfərrüatları açıqqlayıb. Eyni zamanda i prefiksli yeni top versiya haqqında məlumat verilib - seriyanın ən güclü avtomobili indi i7 adlanır və V12 mühərriki əvəzinə elektrik güc qurğusu ilə təchiz olunub. Beləliklə, sonunda 12-silindrli mühərrik təqaüdə göndərilib.

Flaqman sedanının yeni nəsli sələfindən əsaslı şəkildə fərqlənir. Eksteryer dizaynı yenilənmiş X7 ilə eyni üslubdadır - BMW 7 Series modeli də krossover kimi ikimərtəbəli optikaya sahib  olub: yuxarıda, Swarovski kristalları ilə tərtibatını sifariş etmək mümkün olan LED gündüz hərəkət işıqları və dinamik dönmə siqnalları, aşağıda isə matrisa fənərlərinin bölmələri var.

Amma qapı tutacaqlarının görünüşü və sedanın arxa bamperindəki dövlət nömrə nişanı yeri Bavariya brendinin bütün mövcud avtomobillərindən fərqlənir.

Avropa üçün üç modifikasiya bəyan edilib. Bunlar 3,0-litrlik (286 at qüvvəsi, 650 Nm) sıralı altısilinrli dizel mühərriki ilə hərəkətə gələn 740d versiyası, habelə və benzin mühərriklərinin əsasında yaradılmış aqreqatlara malik olan 750e (490 at qüvvəsi, 700 Nm) və M760e (571 at qüvvəsi, 800 Nm) plagin hibridləridir.

Bəzi bazarlarda isə, 735i (286 at qüvvəsi, 425 Nm), 740i (380 at qüvvəsi, 540 Nm) və 544 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 tvin-turbo mühərriki ilə təchiz edilmiş 760i xDrive versiyaları satışa çıxarılacaqlar. Bu mühərriklərin hər biri sürətlənmə zamanı əlavə 12 at qüvvəsi təmin edən 48-voltluq startyor-generatorla təchiz olunur.

BMW i7 xDrive60

Flaqman sedanının ən güclü versiyası indi i7 xDrive60 adlanır. Elektromobil ikimühərrikli elektrik güc qurğusu (544 at qüvvəsi, 745 Nm) və 101,7 kilovat-saatlıq batareya ilə təchiz edilir. Elektrik sedanının yürüş ehtiyatı 483 kilometrdir.

Onun dinamik xüsusiyyətləri də açıqlanıb: elektrosedan 100 km/saata 4,7 saniyəyə sürətlənir və onun maksimal sürəti 240 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb. Benzin və dizel versiyaları daha sürətlidirlər - onların elektron “boyunduruğu” 250 km/saat həddində işə düşür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Flaqman sedanının kuzovunu opsional olaraq Mercedes-Maybach sedanlarındakı kimi iki rəngə boyamaq mümkündür. Əlavə ödəniş qarşılığında M Sport və ya Shadow Line paketləri də təklif olunacaqdır. Yeni 7 Series modelləri bütün qapıların elektrik ötürməsi (opsiya) və multimedia sisteminin və virtual cihazlar panelinin displeylərini birləşdirən vahid panel ilə öyünə bilərlər.

Media sisteminin qeyri-standart xüsusiyyətlərinə quraşdırılmış YouTube tətəbiqi daxildir, lakin avtomobili idarə edərkən onu işə salmaq mümkün deyil. Salonun üzlənmə variantları arasında süni Veganza dərisi və əsl Merinos dərisi ilə tərtibat, habelə ilk dəfə olaraq dəri və kəşmir birləşməsi var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Arxa oturacaqların qarşısındakı tavanda 8K icazəsi olan 31-düymlük genişformatlı BMW Theatre Screen ekranı və inteqrasiya olunmuş Bowers & Wilkins Diamond Surround Sound səs sistemi var. Pnevmatik asqı standart təchizata daxildir. Əlavə ödəniş müqabilində tam idarəolunan şassini və üçüncü səviyyəli avtopilotu sifariş etmək olar. Sonuncu sürücüyə 130 km/saata qədər sürətlərdə sükandan tutmamağa imkan verir.

Yeni BMW 7 Series sedanının satışlarınna bu ilin payızında start veriləcəkdir. Artıq ABŞ-da yeni nəsil BMW 7 Series sedanının qiymətlərinin 94,3 min, i7 modelinin isə 120,3 min dollardan başladığı məlumdur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.