BMW şirkəti öz loqotipini yeniləyib. BMW Concept i4 konsept avtomobilində debüt etmiş yeni loqotip, yuvarlaq formasını və ağ-mavi "pərlərini" qoruyub saxlasa da, hərflərin şrifti və şəffaf xarici dairəsi ilə fərqlənir.
Mövcud loqotip 1997-ci ildən bəri istifadə olunur və BMW şirkətinin bildirdiyinə görə artıq köhnəlib. Yeni loqotip "rəqəmsal dünyada" yaşayan gəncləri alman markasının sıralarına cəlb etmək məqsədini daşıyır. Eyni zamanda, sadiq pərəstişkarlar ordusu "markanı yenidən kəşf edə biləcəkdir".
Ən maraqlısı odur ki, alman istehsalçısı yeni loqotipin şirkətin reklam kampaniyasının tərkib hissəsinin və sosial şəbəkələrdəki “kommunikasiya” kanallarının simvolu olacağını bildirib. Eyni zamanda, BMW şirkəti bu loqotipin avtomobillərdə və diler mərkəzlərinin tərtibatında istifadə edilməyəcəyini də vurğulayıb.
Müvafiq olaraq, eyni dəyişikliklər alman istehsalçısının BMW i ekoloji və BMW M idman subbrendlərinin “kommunikasiya” loqotiplərində də baş verib.