Gözlənildiyi kimi, bu gün, BMW şirkəti nəhəng “burun” dəliklərinə malik olan altıncı nəsil M3 sedanını və M4 kupesini təqdim edib. Sportkarlar mexaniki ötürmələr qutusu, arxa və tam ötürmə ilə təchiz olunur, habelə 510 at qüvvəli Competition modifikasiyasında təklif edilirlər.
Yeni “bərkgedən” modellər keçən ilin iyun ayında debüt etmiş BMW 4 Series kupesinin üslubunda dizayna malikdirlər. Hər iki modelin də ön hissəsinin mərkəzini tam şəkildə tutan iri radiator barmaqlığı ilə təchiz edilib. Dövlət nömrə nişanı bu barmaqlığı iki hissəyə bölür. Bundan əlavə, avtomobillər hava girişləri olan çıxıntılı kapota, yenidən işlənmiş LED fənərlərə, karbon lifli ilə gücləndirilmiş polimerdən hazırlanmış dama və iki firma rənginə sahib olublar: Isle of Man Green və Sao Paolo Yellow.
Standart olaraq M3 sedanı və M4 kupesi 479 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli biturbomühərrik ilə təchiz edilirlər. Ən güclü Competition versiyasında bu mühərrik 510 at qüvvəsi və 650 Nm fırlanma anı təklif edir.
Birinci variantda, hər iki avtomobil yerindən 100 km/saat həddinə 4.2 saniyəyə sürətlənir. Maksimal sürət həddi elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. M Driver paketini sifariş etdikdə bu hədd 290 km/saata qədər çəkilir. Competition versiyası 100 km/saat həddinə sürətlənməyə 3.9 saniyə sərf edir.
Standart olaraq, M3 və M4 modelləri altı pilləli mexaniki transmissiya və arxa ötürmə ilə təchiz olunurlar. Belə transmissiya səkkiz diapazonlu “avtomatdan” 22,7 kiloqram yüngüldür və BMW nümayəndələrinin bildirdiyinə görə, çəkinin oxlar arasında optimal şəkildə paylanmasına kömək edir. Competition versiyası yalnız avtomatik transmissiya, habelə M aktiv arxa differensialı olan M xDrive tam ötürmə sistemi əlçatandır.Əlavə ödəniş ilə bu sistem standart modellərdə də quraşdırıla bilər.
Yeni modellər Adaptive M adaptiv asqısı, M Servotronic sükan mexanizmi, ön tərəfdə altı porşenli supportları və 380 millimetrlik əyləc diskləri, arxada isə tək porşenli supportları və 370 millimetrlik əyləc diskləri olan əyləc sistemi ilə təchiz edilirlər. Bundan başqa, qızıl rəngli supportları, öndə 400 millimetrlik, arxada 380 millimetrlik disklər olan opsional karbon-saxsı əyləc mexanizmləri də təkli olunur.
Bundan əlavə, karbon lifli ilə möhkəmləndirilmiş plastik elementlər dəsti olan M Carbon paketi də təklif edilir. Dəstin tərkibinə arxa spoylervə diffuzor, habelə güzgü gövdələri daxildir. Salonda quraşdırılımış standart oturacaqları, onlardan 9,5 kiloqram daha yüngül olan karbon oturacaqlarla əvəzləmək olar.
M3 və M4 modellərində öndə 18-düymlük, arxada isə 19-düymlük yüngül lehimli təkər diskləri quraşdırılır. Competition modifikasiyasının təchizatına, müvafiq olaraq, cilalanmış çənbəri olan 19 və 20 düymlük təkər diskləri daxildir.