BMW yeni M5 Touring universalının ilk şəkillərini dərc edib. Onun yaradılmaı növbəti nəsil sedanla paralel aparılır və onların hər ikisi hibrid güc aqreqatını alacaqlar. Bəzi məlumatlara görə, bu, XM krossoverindən götürülmüş 700 at qüvvəsindən çox güc hasil edən hibrid güc aqreqatı olacaqdır. Yaxın günlərdə “bərkgedən” universalın prototipinin sınaqlarına başlanılmalıdır.

BMW nümayəndələrinin fikrincə, M5 Touring modelinin yaradılması qərarına kiçik M3 Touring universalının uğurlu satışları böyük təsir göstərib. Üstəlik, yeni “bərkgedən” M5 universalı, yeddinci nəsil sedan kimi, hibrid olacaqdır. Söhbətin XM krossoverinin güc qurğusundan getdiyi güman edilir. Bu qurğu 4,4-litrlik V8 biturbo mühərriki (S68) və transmissiyaya quraşdırılmış elektrik mühərrikindən ibarətdir. Bu tandemin ümumi hasilatı 748 at qüvvəsinə və 1000 Nm fırlanma anına çata bilər.

Belə güc aqreqatı BMW M5 Touring modelinə növbəti nəsil Mercedes-AMG E 63 S Estate ilə rəqabət aparmağa imkan verəcəkdir. Xatırladaq ki, “bərkgedən” Mercedes universalı 700 at qüvvəsi və 1200 Nm fırlanma anı hasil edən hibrid güc qurğusuna malik olacaqdır. Audi RS6 Avant modelini də yaddan çıxarmaq lazım deyil. 

Müqayisə üçün: hazırkı M5 CS sedanı 635 at qüvvəsi və 750 Nm hasil edən mühərrikə malikdir. Sonuncu BMW M5 Touring (E61, 2004-2010) 507 at qüvvəsi və 520 Nm hasil edən 5,0-litrlik V10 aqreqatına sahib idi. E34 universalının kapotunun altında isə 340 at qüvvəsi və 400 Nm hasil edən 3,8-litrlik sıralı altısilindrli mühərrik yerləşirdi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW M5 Touring modelinin sınaq testlərinə bir neçə gündən sonra start veriləcəkdir. Onların bir hissəsi şəhərdə, habelə Münhen yaxınlığındakı kənd yollarında və avtobanlarda keçiriləcəkdir. Lakin asqı və tam ötürmə mexanizminin dəqiq tənzimlənməsi mühəndisləri tərəfindən Nürburqrinqdə həyata keçiriləcəkdır. Bütün bu testlərin məqsədi trekdəki idman sürüşü ilə uzun səfərlər zamanı tələb olunan rahatlıq arasında tarazlıq yaratmaqdır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.