Yeni BMW M5 sedanı M Performance Parts zavod tüninq dəstini alıb. Karbon lifindən hazırlanmış hissələrin siyahısına aerodinamikanı təkmilləşdirən, həmçinin avtomobilin çəkisini azaldan kuzov elementləri daxildir. Bundan əlavə, mütəxəssislər interyeri fərdiləşdirmək üçün bir sıra aksessuarları hazırlayıblar.
Yeni tüninq dəsti karbonplastikdən hazırlanmış ikihissəli diffuzor sayəsində aerodinamikanı yaxşılaşdırır. Dəstə həmçinin buraxılış sisteminin titan və karbondan hazırlanmış çıxış boruları daxildir. Bundan başqa, arxa spoyler, ön splitter, eləcə də yan güzgülərin korpusları və qapı kandarları da kompozitdən hazırlanıb.
M Performance Parts dəsti fərqli dizaynı olan təkər disklərini, yanacaq çəninin karbondan qapağını və firma kuzov etiketlərini ehtiva edir. Tüninq dəsti yeni ayaqaltıları da nəzərdə tutur. Aksessuarların siyahısına şinlər və açar üçün örtüklər də daxildir.
Rəsmi tüninq dəsti yeni nəsil M5 modelinin satışlarının başlanılması ilə eyni vaxtda əlçatan olacaq. BMW M5 modelinin qiyməti 120 675 dollardır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.