BMW markasının pərəstişkarları rahat nəfəs ala bilərlər – uzun müddəri ki, mübahisə obyekti olan şaquli formalı radiator barmaqlığı yeni nəsil 2 Series kupesində tətbiq edilməyib. Bu dəfə bavariyalılar radiator barmaqlığı ilə deyil, işıq texnikası və bamperlər ilə təcrübə aparmağa üstünlük veriblər.

Beləliklə, şirkətdən bildirildiyi kimi, dizaynerlər işıq texnikasının formasını yaradan zaman, altmışıncı illərin əfsanəvi BMW 1602 kupesinə nəzər salıblar. Eyni zamanda, LED fənərlər artıq standart avadanlıqdırlar, əlavə ödəniş qarşılığında isə matrisa fənərlərini quraşdırmaq təklif olunur.

“Burun dəlikləri” də maraqlı xüsusiyyətə malikdirlər: onların şaquli çubuqları jalüz kimi bağlana bilərlər. Bunun üçün isə, elektronika soyutma sisteminin normal rejimdə işlədiyinə və onun səmərəliliyinin yetərli olduğuna qənaət gətirməlidir.

Yeni kupenin dördqapılı 2 Series Gran Coupe modeli ilə heç bir əlaqəsi yoxdur. F44 ailəsindən olan sedanın əsasını köndələn yerləşən mühərriki olan ön ötürməli UKL2 platforması təşkil edirsə, G42 kupesi üçün isə, demək olar ki, çəkinin oxlar arasında mükəmməl paylanmasına sahib olan klassik quruluş qorunub saxlanılıb!

Doğrudur, unifikasiya və qənaət naminə, 2 Series Coupe modelini böyük 4 Series modelinin qısaldılmış şassisinə köçürüblər. Şassi qısaldılsa da, istənilən halda yenə də böyükdür və buna görə də kiçik kupe artıq heç də də kiçik deyil.

İkinci seriyadan olan yeni kupe sələfindən 105 millimetr uzun, 64 millimetr geniş, 28 millimetr alçaq olub. Təkər bazası da 51 millimetr geniş olub. Nəticədə, kupenin uzunluğu 4537 millimetr, eni - 1838 millimetr, hündürlüyü isə 1390 millimetr təşkil edir. Oxlar arasındakı məsafə 2741 millimetrdir. Ancaq ölçülər baxımından yeni kupeni E90 nəslindən olan üçüncü seriya kupesi ilə müqayisə etmək olar!

Ölçülərlə birlikdə kupenin təkər izi də böyüyüb - baza versiyasında ön tərəfdə 54 millimetrlik, arxada isə 31 millimetrlik artım var. Kuzovun burulmaya qarşı sərtliyi 12% artıb. Üstəlik,mühəndislər aerodinamika üzərində ciddi şəkildə çalışıblar - ön oxdakı qaldırma gücü yarıya endirilib.

Salon daha geniş olsa da, onun tərtibatında inqilabi bir şey yoxdur. Digər müasir BMW avtomobillərində olduğu kimi, kupe klimat-kontrolun yığcam idarəetmə panelinə (standart konfiqurasiyada artıq üç zonalıdır) və xarici işıqların düyməli blokuna sahibdir.

Başlanğıc konfiqurasiyada kupe  8,8-düymlük ekranı olan OS7 mediasistemi və analoq cihazlar paneli ilə təchiz edilir. Əlavə ödəniş qarşılığında 12,3-düymlük virtual cihazlar panelini və multimedia sisteminin 10,25-düymlük ekranını, habelə proyeksiya displeyini sifariş etmək mümkündür.

Ön idman oturacaqları standart avadanlıqdır. Arxa cərgə qəti şəkildə iki nəfərlikdir, ancaq onun qatlanan kürək hissəsi 40:20:40 nisbətində bölünür. Opsional panoram damın sahəsi 20% artırılıb. Baqaj bölümünün həcmi dəyişməyib (390 litr), lakin yükləmə hündürlüyü 35 millimetr azaldılıb.

Hələlik kupe yalnız dörd modifikasiyada təklif olunacaqdır və onların hamısı səkkiz pilləli "avtomat" ilə təchiz ediləcəkdir. Bir sözlə, mexaniki transmissiyanı yaddan çıxarın. 

Baza modeli sayılan BMW 220i kupesində 184 at qüvvəli 2,0-litrlik dördsilindrli benzin turbomühərriki,  BMW 230i versiyasında isə bu mühərrikin 245 at qüvvəli versiyası quraşdırılır. 48 voltluq startyor-generatoru olan 190 at qüvvəli 2,0-litrlik turbodizel ilə təchiz edilən BMW 220d versiyası da var: startyor-generator 11 at qüvvəsi hasil edir, start-stop sisteminin tərkib hissəsi kimi işləyir və sürətlənmənin ilk saniyələrində dizel mühərrikinə kömək edir.

Bütün dördsilindrli kupelər hələlik arxa ötürməlidirlər. Standart asqı - amplitudadan asılı olan amortizatorlarla təchiz edilir, opsional M şassisi isə elektronika ilə idarələnən adaptiv amortizatorlara malikdir.

Modifikasiya çeşidinin zirvəsində altısilindrli mühərriklə hərəkətə gələn tamötürməli BMW M240i xDrive  kupesi qərarlaşıb. 3,0-litrlik aqreqat 374 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edir – fırlanma anının eyni olmasına baxmayaraq, mühərrikin gücü 34 at qüvvəsi daha çoxdur.

Top versiya standart olaraq arxa differensial kilidi ilə təchiz edilir (opsional olaraq BMW 230i kupesi üçün də əlçatandır) və 100 km/saat sürət həddinə 4.3 saniyəyə ( - 0,1 saniyə) sürətlənir. Maksimal sürət ənənəvi olaraq 250 km/saat həddində məhdudlaşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Sonradan ikinci seriya kupesinin modifikasiya çeşidi genişləndiriləcəkdir,lakin açıq kuzovlu modelin buraxılması planlaşdırılmır. Yeni BMW 2 Series kupesi yola saldığımız nəsil kimi Almaniyada deyil, 2019-cu ildə Meksikada açılan və bu günə qədər Amerika bazarı üçün üçüncü seriyanın sedanlarını istehsal edən San Luis Potosidəki BMW zavodunda buraxılacaqdır. İkinci seriya kupesinin satışlarının 2022-ci ilin əvvəlində başlanması planlaşdırılır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.